Mikrodalğalı sobaların qidanın keyfiyyətinə hansı təsirləri var? -EKSPERT DANIŞDI

8 May 2026 15:08 (UTC+04:00)

“Mövzu hər zaman olduğu kimi aktualdır. Praktikliyi və vaxta qənaət etməsi səbəbindən mikrodalğalı soba artıq gündəlik həyatın adi hissəsinə çevrilib. Əlbəttə klassik bişirmə üsullarının öz yeri var. Amma müasir həyat ritmində insanlar daha sürətli üsullara üstünlük verir”.

Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, mikrodalğalı soba qidanı zəhərli etmir və onu radioaktivləşdirmir:

” İş prinsipi kifayət qədər sadədir. Elektromaqnit dalğaları qidanın daxilindəki su molekullarını hərəkətə gətirir. Bu hərəkət nəticəsində istilik yaranır və qida isinməyə başlayır.
Sağlamlıq baxımından əsas məsələ çox vaxt sobanın özündən yox, istifadə qaydasından qaynaqlanır. Xüsusilə uyğun olmayan plastik qablar risk yarada bilər. İstiliyin təsiri altında bəzi plastik materiallardan bisfenol A və ftalat kimi maddələrin qidaya keçmə ehtimalı artır. Bu maddələr endokrin sistemi ilə əlaqəli risklər səbəbindən uzun müddətdir müzakirə mövzusudur.
Ona görə mikrodalğalı sobada daha çox şüşə, keramika, ya “microwave safe” işarəsi olan qabların istifadəsi daha məqsədəuyğun sayılır. Metal, folqa və uyğun olmayan plastik qablar isə problem yarada bilər. Bir maraqlı məqam da var. Mikrodalğalı soba bəzi hallarda vitaminləri klassik qaynatmadan daha yaxşı qoruya bilir. Xüsusilə C vitamini yüksək temperatur və çox su ilə təmasda asan parçalanır. Mikrodalğalı sobada bişirmə müddəti qısa olduğu və az su istifadə edildiyi üçün tərəvəzlərdə bəzi antioksidantların daha çox saxlanıldığı göstərilir.
Qida təhlükəsizliyi baxımından əsas çətinlik istiliyin hər yerə eyni paylanmamasıdır. Mikrodalğalı dalğalar qidanın daxilinə məhdud dərinlikdə nüfuz edir. Yemək qalın qat şəklində yerləşdirildikdə ortada soyuq hissələr qala bilər. Bu isə xüsusilə əvvəlcədən bişmiş yeməklərdə bakteriyaların tam məhv olmaması riskini artırır.
Bu səbəbdən yeməyi isidərkən prosesin ortasında dayandırıb qarışdırmaq faydalıdır. Həm istilik daha bərabər yayılır, həm də təhlükəsizlik artır. Üzərinin xüsusi qapaqla örtülməsi də yeməyin qurumasının qarşısını alır və buxarın təsiri ilə isinməni sürətləndirir.
Bir detal da diqqətdən qaçmamalıdır. Mikrodalğalı sobada qızdırılmış su bəzən adi qaynama görüntüsü vermədən çox yüksək temperatura çata bilir. Qabı hərəkət etdirəndə qəfil sıçrama və yanıq riski yarana bilər. Eyni səbəbdən qabıqlı yumurta və tam qapalı konservlərin sobaya qoyulması təhlükəlidir. Daxildə yaranan təzyiq partlamaya səbəb ola bilər.
Kolbasa və sosiska kimi emal olunmuş ət məhsullarının yüksək temperaturda tez-tez isidilməsi isə yağların və xolesterolun oksidləşməsini artıra bilər. Bu yalnız mikrodalğalı sobaya aid məsələ deyil. Ümumiyyətlə, emal olunmuş ət məhsullarının həddindən artıq istehlakı ürək-damar sağlamlığı baxımından çox arzuolunan hesab edilmir”.