Mərkəzi Gömrük Hospitalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tibbi-sosial aksiya keçirilib

8 May 2026 14:36 (UTC+04:00)

7 may 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş ödənişsiz tibbi-sosial aksiya təşkil olunub. Aksiya "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və valideyn himayəsindən məhrum olmuş azyaşlı uşaqların sağlamlığının qorunmasına, onların sosial rifahının dəstəklənməsinə xidmət edib.
Tədbirin açılış hissəsində Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev, Hospitalın rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Tibbi Xidmət İdarəsinin İlk Həmkarlar İttifaqının sədri Şəhla Mirzəzadə, həkim pediatrlar - Aygün Sadıxova, Fərəh Vahabova, Minazər Abdullayeva, oftalmoloq Aynurə Əliyeva, otorinolarinqoloq Elvin Əzizov, travmatoloq Müseyib Əhmədov, kardioloq Nəsimi Cabbarov, sonoloq Tükəzban Abdullayeva, dermatoveneroloq Sevinc Kərimova, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyasının həkimi Anjela Əliyeva, analar və uşaqlar iştirak ediblər.
Aksiyanın açılış mərasimində Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial siyasətin əsas istiqamətlərindən biri uşaqların sağlam böyüməsi, onların dövlət qayğısı ilə əhatə olunması və gələcəyin sağlam nəslinin formalaşdırılması olub. C.Məmmədov çıxışında vurğulayıb ki, Ulu Öndər əsasını qoyduğu humanizm və sosial həmrəylik prinsipləri bu gün də dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi davam etdirilir.
Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev çıxış edərək bildirib ki, uşaqların sağlamlığının qorunması hər zaman səhiyyə müəssisələrinin əsas prioritetlərindən biridir. B.Musayev qeyd edib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilməsi cəmiyyətin humanist dəyərlərinin göstəricisidir.
Aksiya çərçivəsində azyaşlı uşaqlar peşəkar həkim heyəti tərəfindən müxtəlif tibbi müayinələrdən keçirilib. Onlara pediatr, oftalmoloq, travmatoloq, kardioloq, dermatoveneroloq və otolorinqoloq həkimlər tərəfindən tibbi baxış keçirilib, həmçinin zəruri diaqnostik xidmətlər göstərilib. Müayinələr zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, tibbi tövsiyələr verilib və zəruri hallarda əlavə nəzarət planlaşdırılıb.
Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub, onlar üçün səmimi və qayğıkeş mühit yaradılıb. Bu təşəbbüs uşaqlarda sevinc hissi yaratmaqla yanaşı, onların cəmiyyət tərəfindən diqqət və dəstək gördüklərini hiss etmələrinə də töhfə verib.