"İslam İnkişaf Bankının Azərbaycana marağı ölkənin iqtisadi sabitliyini təsdiqləyir" - MÖVQE

8 May 2026 13:52 (UTC+04:00)

"Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casir ilə nümayəndə heyətinin qəbul edilməsi və bu görüş zamanı bankla Azərbaycan arasında əməkdaşlığın perspektiv imkanlarının müzakirə olunması onu deməyə əsas verir ki, təkcə İslam dünyasının deyil, ümumiyyətlə dünyada ciddi maliyyə resurslarına malik olan nüfuzlu bank strukturu kimi İslam İnkişaf Bankının ölkəmizlə əməkdaşlığı həm iqtisadi və maliyyə baxımından, həm də geosiyasi baxımdan Azərbaycanın artan nüfuzunun və beynəlxalq maliyyə institutları tərəfindən etibarlı və etimadlı tərəfdaşa çevrilməsinin göstəricisi kimi qiymətləndirilə bilər".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, indiyə qədər İslam İnkişaf Bankı tərəfindən Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 1,2 milyard dollar investisiya yönəldilib: "Bankın bundan sonra da Azərbaycanda enerji, yaşıl enerji, kənd təsərrüfatı, infrastruktur və su sahələrinə aid layihələrə maraq göstərməsi onu deməyə əsas verir ki, həm Azərbaycanın iqtisadi potensialı və imkanları bank üçün cəlbedicidir, həm də ölkədə maliyyə risklərinin ya olmaması, ya da çox aşağı səviyyədə olması beynəlxalq maliyyə institutlarının diqqətini cəlb edir.

Azərbaycanda ənənəvi layihələrlə yanaşı, yeni iqtisadi meqalayihələrə, o cümlədən Ələt Azad İqtisadi Zonası kimi təşəbbüslərə maraq göstərilməsi, həmçinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfərlərin planlaşdırılması İslam İnkişaf Bankı nümayəndələri tərəfindən ölkəmizdə uzunmüddətli əməkdaşlıq perspektivlərinin mövcud olduğunu göstərir.

Eyni zamanda, Azərbaycana İslam İnkişaf Bankı tərəfindən yeni investisiyaların qoyulması və birgə layihələrin icrası perspektivləri real görünür. Bu görüş həm də cari ilin iyun ayında Bakıda keçiriləcək İslam İnkişaf Bankının illik toplantısı ilə üst-üstə düşür ki, bu da həmin tədbirin ölkəmizdə daha yüksək və mötəbər səviyyədə keçirilməsinə xüsusi diqqətin göstəricisidir.

Azərbaycan Prezidenti də son illərdə ölkəmizin artıq ənənə halını almış beynəlxalq tədbirlərə ev sahibliyi etməsi prosesinin məntiqi davamı olaraq İslam İnkişaf Bankının illik toplantısının Azərbaycanda keçirilməsinə xüsusi önəm verir. Bu əməkdaşlıq Azərbaycanın regional iqtisadi mərkəz kimi formalaşması baxımından yeni perspektivlər və geniş imkanlar yaradır".