"Azərbaycan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı genişləndirir" - ŞƏRH EDİLDİ

8 May 2026 13:44 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti tərəfindən İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd əl-Cazir başçılıq etdiyi nümayəndə heyətinin qəbul olunması bir daha göstərir ki, Azərbaycan beynəlxalq maliyyə institutları üçün etibarlı və cəlbedici tərəfdaş olaraq qalır".

Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas, siyasətçi Əli Mustafa deyib.

Siyasətçinin sözlərinə görə, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq yeni deyil: "Uzun illərdir ki, bank ölkəmizdə müxtəlif layihələrin maliyyələşdirilməsində iştirak edir və bu günə qədər təxminən 1,2 milyard ABŞ dollarından artıq vəsait ayrılıb. Bu vəsaitlər əsasən enerji, yaşıl enerji, kənd təsərrüfatı, infrastruktur, sosial layihələr və logistika sahələrinə yönəldilib.

Hazırda isə diqqət daha çox işğaldan azad olunmuş ərazilərə, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə yönəlib. Bankın bu istiqamətdə maraq göstərməsi onu deməyə əsas verir ki, həmin ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri beynəlxalq maliyyə qurumlarının da diqqət mərkəzindədir. Eyni zamanda, Ələt Azad İqtisadi Zonası və Orta Dəhlizlə bağlı logistika layihələri də əməkdaşlığın prioritet istiqamətlərindən hesab olunur.

Bu görüş həm də qarşıdan gələn İslam İnkişaf Bankının illik toplantısı ərəfəsində baş tutduğu üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın belə nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin regional iqtisadi və maliyyə mərkəzi kimi mövqeyini daha da gücləndirir.

Ümumilikdə, bu əməkdaşlıq Azərbaycanın iqtisadi potensialına beynəlxalq etimadın göstəricisidir və gələcəkdə yeni investisiyaların, eləcə də birgə layihələrin həyata keçirilməsi baxımından mühüm perspektivlər açır".