"Ulu Öndər Heydər Əliyevin siyasi kursu müasir Azərbaycanın inkişafının əsasını təşkil edir" - DEPUTAT

8 May 2026 12:53 (UTC+04:00)

"Heydər Əliyev Azərbaycan tarixində müstəsna xidmətləri ilə seçilən böyük dövlət xadimlərindən biridir. Bu gün Azərbaycanın əldə etdiyi uğurların, torpaqlarımızın azad olunmasının və dövlətimizin güclənməsinin əsasında məhz onun müəyyən etdiyi siyasi kurs dayanır".

Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin fəaliyyətinə nəzər saldıqda görürük ki, hələ Sovet dövründə Azərbaycan sürətlə inkişaf edən respublikalardan birinə çevrilmişdi: "Həmin illərdə sənaye, kənd təsərrüfatı, elm, təhsil və digər sahələrdə mühüm nailiyyətlər əldə olunmuşdu. Milli kadrların yetişdirilməsi və dövlət idarəçiliyində azərbaycanlıların rolunun artırılması istiqamətində ciddi addımlar atılmışdı.

Müstəqillik illərində isə Ulu Öndər Azərbaycan dövlətçiliyini qoruyaraq ölkəni ağır böhranlardan çıxardı, sabitlik yaratdı və gələcək inkişafın əsasını qoydu. Bu siyasət bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə Azərbaycan daha da güclənib, torpaqlarımız işğaldan azad olunub və ölkəmiz regionun aparıcı dövlətlərindən birinə çevrilib.

Heydər Əliyevin xidmətləri yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmırdı. O, Azərbaycan mədəniyyətinin, dilinin və milli-mənəvi dəyərlərinin qorunmasına və inkişafına da böyük önəm verirdi. Azərbaycan yazıçıları, şairləri və incəsənət xadimləri onun daim diqqət və qayğısını hiss edirdilər.

Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin dünyada tanıdılması və dövlətçilik ideologiyasının formalaşdırılması istiqamətində atılan addımlar Ulu Öndərin siyasi fəaliyyətinin mühüm hissəsini təşkil edirdi.

Bu gün Azərbaycan xalqı Heydər Əliyevin zəngin siyasi irsini böyük ehtiramla yad edir və onun əsasını qoyduğu inkişaf strategiyasının nəticələrini gündəlik həyatda aydın şəkildə görür".