"Azərbaycan turizmi daha çox görüləsi yer kimi, yəni tarixi, mədəniyyəti, milli mətbəxi və adət-ənənələri üzərində qurulan turizm destinasiyasıdır. Azərbaycanın müxtəlif bölgələrinin özünəməxsus təbiəti, qədim abidələri, folkloru və regional mətbəxi ölkəni turistlər üçün daha cəlbedici edir. Hazırda turizm tanıtımımız müxtəlif çalarlarda təqdim olunsa da, qeyd olunan istiqamət daha orqanik, daha səmimi və xarici turist üçün daha maraqlı görünür".
Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.
.jpg)
Kənan Hənifəyev sözlərinə belə davam edib: "Son illərdə Azərbaycanın beynəlxalq turizm bazarında tanıdılması istiqamətində müxtəlif yanaşmalardan istifadə olunur. Ənənəvi turizm modeli ilə yanaşı, ölkənin müasir şəhər həyatı, sosial dinamizmi və gündəlik yaşam tərzi də ön plana çıxarılır. Xüsusilə sosial şəbəkə platformalarında “həyat tərzi” mövzulu çağırışlarla Bakının və digər şəhərlərin aktivliyi, insanların gündəlik yaşam tərzi, əyləncə məkanları, müasir infrastruktur və şəhər atmosferi haqqında paylaşımlar edilir. Bu yanaşma xüsusilə gənc auditoriyanın diqqətini cəlb etməyə hesablanıb.
Bunun nə dərəcədə effektiv olması ilə bağlı konkret faiz göstəriciləri və ya geniş statistik məlumatlar olmasa da, kontent istiqamətində işlərin davam etdiyi görünür. Müxtəlif platformalarda həm vizual, həm də informasiya xarakterli təqdimatların artırılması Azərbaycanın turizm imicinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir. Eyni zamanda, fərqli turist qruplarının maraq dairəsinə uyğun tanıtım modellərinin formalaşdırılması istiqamətində də addımlar atılır.
Turizm strategiyası geosiyasi vəziyyətə uyğun olaraq hibrid şəkildə dəyişə bilir və mövcud şəraitdə də müəyyən dəyişikliklər baş verib. Regionda baş verən siyasi və iqtisadi proseslər, yeni nəqliyyat marşrutları, təhlükəsizlik məsələləri və turist axınındakı dəyişikliklər turizm siyasətinə birbaşa təsir göstərir. Buna görə də ötən illərlə müqayisə aparmaq və ya iki fərqli tanıtım üslubu arasında balansın nə dərəcədə qorunduğunu qiymətləndirmək hələ tezdir.
Çünki turistlərin sayı, onların maraq dairəsi, seçimləri və səyahət davranışları davamlı şəkildə dəyişir. Mövcud mərhələdə əsas məqsədlərdən biri turistlərin hansı istiqamətlərə daha çox maraq göstərdiyini müəyyənləşdirmək və bu istiqamətlər üzrə monitorinqlər aparmaqdır. Bu da gələcək turizm strategiyasının daha çevik və real tələblərə uyğun formalaşdırılmasına imkan yaradır".