"Avropa İttifaqının ali nümayəndəsi xanım Kaya Kallasın Azərbaycana səfəri, Azərbaycan–Avropa İttifaqı arasında siyasi, təhlükəsizlik və enerji sahəsində əlaqələrin inkişafına xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əəsdullazadə deyib.
Onun sözlərinə görə, xüsusilə Ermənistandan sonra Azərbaycana gəlməsi göstərir ki, Avropa İttifaqı rəhbərliyi və rəsmiləri Azərbaycanla münasibətlərə xüsusi önəm verir:
"Bu, həm də Azərbaycana verilən dəyərin göstəricisidir. Çünki Avropa İttifaqı rəsmiləri də yaxşı bilirlər ki, Cənubi Qafqazda Azərbaycansız heç bir ciddi proses həyata keçirilə bilməz. Məhz Avropa İttifaqının İrəvanda keçirilən siyasi birlik iclası da Azərbaycanın razılığı ilə baş tutub. Kaya Kallasın Azərbaycana səfəri ikitərəfli əlaqələrin yeni siyasi reallıqlara uyğun şəkildə davam etdirilməsi və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə enerji və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq istiqamətində yeni müqavilələrin imzalanması üçün bu səfər vacibdir və proseslər də məhz bu istiqamətdə inkişaf edir.
Çünki Avropa İttifaqı daxilində Azərbaycana qarşı müəyyən qərəzli yanaşmalar mövcud olub. Azərbaycanın da haqlı olaraq narazı qaldığı məqamlar var. Bu baxımdan Azərbaycan tərəfi ali nümayəndənin diqqətinə çatdırmalıdır ki, Azərbaycanla əməkdaşlıqda qərəzli, separatizmi təşviq edən, sülhü təhdid edə biləcək hər hansı açıqlamalardan və qətnamələrdən çəkinmək lazımdır. Ümumilikdə, Kaya Kallasın Azərbaycana münasibəti yüksək səviyyədədir. Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da yüksək səviyyədə inkişaf edəcəyi gözlənilir".