Yeni tikililərdə ən çox şikayət edilən problem hansıdır? - ARAŞDIRMA

7 May 2026 15:29 (UTC+04:00)

Son illərdə Azərbaycanda Mənzil Tikinti Kooperativləri (MTK) ilə sakinlər arasında yaranan mübahisələr ən çox müzakirə olunan hüquqi və sosial problemlərdən birinə çevrilib. Mənzil alan vətəndaşların əsas narazılıqları adətən müqavilədə göstərilən sahə ilə faktiki sahə arasındakı fərq, tikintinin keyfiyyəti, binanın vaxtında təhvil verilməməsi, kommunal və idarəetmə haqları, eləcə də çıxarış məsələləri ilə bağlı olur. Xüsusilə yeni tikililərdə bəzi MTK-ların müqavilədə göstərilən kvadratmetri sonradan fərqli hesablaması, eyvan və texniki sahələri də mənzilə daxil etməsi, yaxud mənzili gecikdirilmiş formada təhvil verməsi sakinlərlə şirkətlər arasında ciddi hüquqi qarşıdurmalar yaradır.

SİA mövzu ilə bağlı araşdırma edib.

Araşdırmalar və məhkəmə təcrübəsi göstərir ki, ən çox rast gəlinən problemlərdən biri mənzil sahəsinin şişirdilmiş formada hesablanmasıdır. Bir çox hallarda alıcı müqavilədə göstərilən sahəyə uyğun ödəniş edir, lakin çıxarış təqdim olunarkən mənzilin faktiki sahəsinin daha az olduğu ortaya çıxır. Ekspertlər bildirirlər ki, bəzi MTK-lar daxili və xarici divarları, şaxta boşluqlarını və digər texniki hissələri də ümumi sahəyə daxil edərək vətəndaşdan artıq ödəniş alırlar. Nəticədə sakin həm artıq vəsait ödəyir, həm də sonradan kommunal xərcləri daha yüksək hesablanır.

Digər mühüm narazılıq isə tikintinin keyfiyyəti ilə bağlıdır. Sakinlər əsasən binada çatların yaranması, səs və istilik izolyasiyasının zəif olması, lift və kommunikasiya sistemlərinin keyfiyyətsiz quraşdırılması, zirzəmi və dam örtüyündə problemlərin olması kimi məsələlərdən şikayət edirlər. Xüsusilə istismara tam hazır olmayan binaların sakinlərə təhvil verilməsi sonradan təhlükəsizlik və yaşayış problemlərinə səbəb olur. Hüquqşünasların fikrincə, MTK tikinti normalarına və müqavilə şərtlərinə uyğun tikinti aparmağa borcludur və bu öhdəliyin pozulması hüquqi məsuliyyət yaradır.

Gecikdirilmiş təhvil məsələsi də MTK-larla sakinlər arasında ən geniş yayılmış mübahisələrdəndir. Mənzil alan şəxslər müqavilədə göstərilən tarixdə evlərini təhvil ala bilmədikdə həm maddi, həm də mənəvi zərərə məruz qalırlar. Çünki bir çox ailə həmin müddətdə kirayədə qalmağa davam edir və əlavə maliyyə yükü ilə üzləşir. Hüquqi baxımdan müqavilədə təhvil müddəti göstərilibsə və MTK həmin öhdəliyi yerinə yetirmirsə, sakin məhkəməyə müraciət edərək dəymiş ziyanın ödənilməsini tələb edə bilər.

Bəs sakinlər tikinti keyfiyyətindən narazı qaldıqda MTK-ların hüquqi məsuliyyəti harada başlayır və harada bitir? Hüquqi baxımdan məsuliyyət ilk növbədə müqavilə şərtlərinin pozulduğu andan başlayır. Əgər mənzil müqavilədə nəzərdə tutulmuş keyfiyyət standartlarına uyğun təhvil verilməyibsə, MTK qüsurları aradan qaldırmalı, bəzi hallarda isə dəymiş zərəri kompensasiya etməlidir. Azərbaycan qanunvericiliyinə görə tikinti şirkəti təhlükəsizlik, dayanıqlılıq və texniki normalara görə məsuliyyət daşıyır. Əgər sonradan aşkar olunan qüsurlar tikintidən qaynaqlanırsa, sakin məhkəmə yolu ilə həm maddi ziyanın ödənilməsini, həm də qüsurların aradan qaldırılmasını tələb edə bilər.

Lakin MTK-nın məsuliyyəti müəyyən həddə qədər davam edir. Əgər problem sonradan sakin tərəfindən edilən dəyişikliklər, düzgün istifadə edilməməsi və ya üçüncü şəxslərin müdaxiləsi nəticəsində yaranıbsa, həmin hallarda məsuliyyət artıq MTK-nın üzərinə düşmür. Bundan əlavə, bəzi hallarda müqavilələrdə şirkətin məsuliyyətini məhdudlaşdıran şərtlər də yer alır. Hüquqşünaslar bildirirlər ki, vətəndaşlar mənzil alarkən müqavilənin bütün bəndlərini diqqətlə oxumalı, tikinti sənədlərini yoxlamalı və yalnız rəsmi icazələri olan layihələrə üstünlük verməlidirlər.

Ayşən Vəli