“Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilasında həlledici rol oynayıb” - Ceyhun Məmmədov

7 May 2026 14:50 (UTC+04:00)

Heydər Əliyev Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində ölkəyə rəhbərlik edərək dövlətin qorunmasında həlledici rol oynamış şəxsiyyət kimi qiymətləndirilib.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Deputat bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan ağır böhranla üz-üzə idi: torpaqlar işğal olunmuş, siyasi sabitlik pozulmuş, separatizm və vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı.

Ceyhun Məmmədov qeyd edib ki, belə bir vəziyyətdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkə üçün dönüş nöqtəsi oldu və dövlət sabitliyi təmin edildi.

Onun sözlərinə görə, Ulu öndər xalqın çağırışı ilə Bakıya qayıdaraq dövlət idarəçiliyini öz üzərinə götürmüş və bu qərar dövlətçiliyin qorunması baxımından tarixi əhəmiyyət daşıyıb.

Deputat vurğulayıb ki, Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan sabitlik və inkişaf yoluna çıxıb, müstəqil dövlət kimi mövqelərini möhkəmləndirib.

O əlavə edib ki, Ulu öndərin mühüm xidmətlərindən biri də ölkənin gələcək siyasi kursunun formalaşdırılması və davamlılığının təmin edilməsidir və bu xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.