6 may 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında sübutlu təbabətə əsaslanan dünyanın aparıcı rəqəmsal klinik məlumat platforması olan “UpToDate”in təqdimatı keçirilib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, şöbə rəisləri, həkimlər, həkim-rezidentlər və tibb işçiləri iştirak ediblər.
“UpToDate” platformasının yaradıcısı və təminatçısı olan “Wolters Kluwer” şirkətinin regional nümayəndələri Anna Kula və Vildan Kandur Stanio tədbirə onlayn qoşularaq platformanın son yenilikləri, “Expert AI” süni intellekt əlavəsinin üstünlükləri, funksional imkanları və klinik praktikada tətbiq sahələri barədə ətraflı məlumat veriblər. Anna Kula təqdimatında qeyd edib ki, “UpToDate” yalnız geniş tibbi bilik bazasına operativ çıxış imkanı yaratmaqla kifayətlənmir, eyni zamanda həkimlərə klinik qərarvermə prosesində etibarlı dəstək göstərərək diaqnostika və müalicə planlarının daha dəqiq və effektiv şəkildə qurulmasına şərait yaradır.
Tədbir çərçivəsində iştirakçılar platformanın praktik imkanları ilə yaxından tanış olublar. Həkimlər və rezidentlər sistemin iş prinsipi, klinik hallarda tətbiqi və gündəlik tibbi praktikada istifadəsi ilə bağlı suallar ünvanlayaraq geniş fikir mübadiləsi aparıblar. Təqdimat interaktiv müzakirələr və peşəkar təcrübə paylaşımı ilə yekunlaşıb.