“Prezident İlham Əliyev 19-cu Caspian Agro Week və 31-ci InterFood Azerbaijan ilə tanış olub. Prezidentin sərgilərdə iştirakı Azərbaycanda kənd təsərrüfatı, qida sənayesi və aqrar innovasiyaların inkişafına dövlət səviyyəsində verilən önəmin bariz nümunəsi kimi qiymətləndirilir”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, sərgilərdə yerli və xarici şirkətlər tərəfindən kənd təsərrüfatı texnikaları, müasir suvarma sistemləri, ağıllı kənd təsərrüfatı texnologiyaları, qida məhsulları, emal avadanlıqları və innovativ həllər nümayiş etdirilib:
”Dövlət başçısı təqdim olunan yeniliklərlə yaxından maraqlanıb, aqrar sektorun müasir tələblərə uyğun inkişaf etdirilməsi istiqamətində görülən işlərlə tanış olub.
Bu cür beynəlxalq sərgilər Azərbaycanın aqrar sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Xarici şirkətlərin və investorların iştirakı yeni tərəfdaşlıqların qurulmasına, qabaqcıl texnologiyaların ölkəyə gətirilməsinə və investisiya imkanlarının artmasına şərait yaradır. Eyni zamanda sərgilər yerli istehsalçılar üçün də məhsullarını beynəlxalq bazara çıxarmaq, yeni ixrac əlaqələri qurmaq və rəqabət qabiliyyətini artırmaq baxımından böyük əhəmiyyət daşıyır.
Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Dövlət tərəfindən fermerlərə subsidiyaların verilməsi, aqroparkların yaradılması, rəqəmsal texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasət həm daxili bazarın yerli məhsullarla təmin olunmasına, həm də qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir.
Caspian Agro Week və InterFood Azerbaijan kimi tədbirlər həm də region ölkələri arasında təcrübə mübadiləsinə, innovativ yanaşmaların paylaşılmasına və aqrar sahədə müasir inkişaf modellərinin tətbiqinə imkan yaradır. Bu isə Azərbaycanın kənd təsərrüfatı və qida sənayesində regional əməkdaşlıq mərkəzlərindən birinə çevrildiyini göstərir.
Belə beynəlxalq tədbirlər ölkənin iqtisadi inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və müasir texnologiyaların tətbiqinə mühüm töhfə verir. Bununla yanaşı, Azərbaycanın aqrar potensialının beynəlxalq səviyyədə tanıdılması və ölkənin investisiya cəlbediciliyinin artırılması baxımından da xüsusi əhəmiyyət daşıyır”.