"Heydər Əliyev xalqın xilaskarıdır" - DEPUTAT DANIŞDI

7 May 2026 10:51 (UTC+04:00)

"Millət və dövlət maraqlarını ömürünün mərkəzinə qoyan müasir Azərbaycan dövlətçiliyinin simvoluna çevrilmiş Ulu Öndər Heydər Əliyev öz varlığını bütövlüklə xalqına və vətəninə xidmətə həsr edən şəxsiyyətdir. Ümummilli liderin xalqın qəlbində qazandığı sarsılmaz yerin təməlində də məhz bu fədakarlıq dayanır".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinə dahi lider, dövlətin memarı və xilaskarı kimi daxil olub: "Bu gün ölkəmizin qlobal arenada qazandığı nüfuz və dinamik tərəqqi onun strateji dühasının bəhrəsidir. Məhz bu misilsiz xidmətlərə görə hər il may ayının 10-da ölkəmizdə və beynəlxalq miqyasda Ulu Öndərin xatirəsi dərin ehtiramla anılır.

1923-cü il mayın 10-da başlayan bu şərəfli ömür yolu hələ erkən yaşlardan parlaq gələcəyin işartılarını verirdi. Ulu Öndər Heydər Əliyev yeniyetməlik illərindən dərin zəkası, yüksək intellekti, səlis mühakimə qabiliyyəti və milli dəyərlərə sadiqliyi ilə öz həmyaşıdlarından fərqlənirdi. Vətənpərvərliyi, şəxsi keyfiyyətləri, dürüstlüyü, səmimiyyəti və insanlarla qurduğu istiqanlı ünsiyyət onu hər kəsin rəğbət bəslədiyi bir simaya çevirmişdi. Gənc yaşlarından formalaşan kamil şəxsiyyət və ziyalı obrazı, onun gələcəkdə xalqın taleyini dəyişdirəcək böyük bir liderə çevriləcəyinin əsas göstəricisi idi.

Tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində geriyə baxdıqda, bir dövlət xadiminin millətin mənəvi intibahının memarlıq abidəsi nəzərə çarpır. Ümummilli liderin Azərbaycan mədəniyyətinə münasibəti sahəvi diqqət çərçivəsini aşaraq, millətin özünü dərk etməsi və varlığını bəşəriyyətə sübut etməsi üçün açılan geniş üfüq mahiyyəti daşıyırdı. İqtisadiyyat dövlətin gövdəsi hesab olunursa, mədəniyyət onun ruhu sayılmalıdır. Ruhsuz gövdənin yaşaması isə qeyri-mümkündür. Ən çətin illərdə, müstəqilliyin ilk sınaq anlarında belə, mədəniyyət xalqın dünyada tanınması və mənəvi bütövlüyünü qoruması üçün ən kəsərli silah kimi qiymətləndirilirdi. "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" kəlamı şüar mahiyyətindən yüksəyə qalxaraq, musiqimizə, xalçalarımıza, ədəbiyyatımıza və abidələrimizə vurulan əbədi möhürə çevrildi.

Azərbaycan mədəniyyətinə verilən töhfələr tarixin dərinliklərindən gələn yaddaş köçü kimi qəbul olunmalıdır. Ulu Öndər Heydər Əliyev Nəsiminin, Vaqifin, Cavidin ruhunu xalqa qaytaran rəhbər oldu. Şuşada Molla Pənah Vaqif məqbərəsinin ucaldılması, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma vətənə gətirilməsi milli ləyaqətin və tarixi ədalətin bərpası anlamını daşıyırdı. Sənətkara qiymət verməklə sənəti ucaldan Ulu Öndər Heydər Əliyev Rəşid Behbudovdan Qara Qarayevə, Fikrət Əmirovdan Müslüm Maqomayevə qədər dünya şöhrətli dühaların simasında Azərbaycanın səsini qitələrarası məkanlara yayırdı. Diqqətin təməlində dayanan Azərbaycan dilinin dövlət dili statusunun qorunması və inkişafı, milli kimlik mücadiləsinin ən parlaq və sarsılmaz səhifəsini təşkil edir.

Umummilli Lider Heydər Əliyevin göstərdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanın zəngin irsi ümumbəşəri dəyər səviyyəsinə yüksələrək beynəlxalq miqyasda tanınmağa başladı.Təməli qoyulan mədəniyyət siyasəti ölkəni dünyada mühüm mənəviyyat mərkəzlərindən birinə çevirdi. Muğamın saflığı, xalçaların naxışı və İçərişəhərin daş yaddaşı siyasi iradənin nəticəsi olaraq dünya mədəni irs siyahılarına həkk olundu. Azərbaycan dünyaya qədim və köklü sivilizasiyanın varisi kimi təqdim olundu. Həmin irs Şuşada əks-səda verən "Xarıbülbül" festivallarında, yenidən bərpa edilən mədəniyyət abidələrində və hər bir azərbaycanlının qürur dolu baxışında yaşayır.

Mədəniyyəti zəngin olan xalq məğlubiyyətdən uzaqdır. Ulu Öndər, dahi lider Heydər Əliyev həmin zənginliyi qoruyan, yaşadan və gələcəyə əmanət edən mənəviyyat fatehi kimi qəlbimizdə silinməz iz qoyub".