Telefon və sosial şəbəkələr yaddaşı və diqqəti zəiflədir? - PSİXOLOQ AÇIQLADI

6 May 2026 16:33 (UTC+04:00)

Melbörn universitetinin araşdırmalarəna görə ağıllı telefonlar və internet resuslarının inkişafı ilə ötən dövrlərdə artan xətlə davam edən insan zəkası 2000-ci illərin əvvəlindən düşüş yaşamağa başlayıb. Diqqət müddətinin azalması, yaddaşdan daha az istifadə ermək, dərin düşünmə və sadəcə bir elmi dərindən öyrənmək kimi bacarıqlarımızı itiririk. Bəs, insanlar əvvəlkindən daha az düşünür, yoxsa sadəcə düşünmə forması dəyişib? Telefon və sosial şəbəkələr yaddaşı və diqqəti zəiflədir? “Hazır informasiya” insanı tənbəlləşdirir?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, telefon və sosial şəbəkələrdən həddindən artıq, gün ərzində daimi istifadə yaddaşın və diqqətin zəifləməsinə gətirib çıxarır:

“Artıq demək olar ki, illərdir deyirəm ki, qısa videoların sürətli şəkildə paylaşılması və bu videoları ard-arda izləməyimiz diqqətimizə və bir mövzuya fokuslanmağımıza mane olur. Yaddaşla bağlı da vəziyyət eynidir — ümumiyyətlə, bu qədər diqqətsizlik insanlarda yaddaş problemləri yaradır. Çünki diqqət və yaddaş bir-biri ilə sıx əlaqəlidir. Yəni diqqətdə problem yarananda, yaddaşda da ciddi çətinliklər ortaya çıxa bilər.

Sosial şəbəkələrin və ümumilikdə informasiya texnologiyalarının inkişafı o qədər sürətlə gedir ki, artıq süni intellektə və hazır informasiya axınına maraq xeyli artıb. Bu da insanların materialı daha rahat yolla, heç bir əlavə zəhmət çəkmədən əldə etməsinə səbəb olur və bəzi hallarda komfort zonasından çıxmaq istəməyən insanlarda tənbəlliyin artmasına gətirib çıxarır.

Mən süni intellektin daha da məşhurlaşdığı bu dövrdə əsasən belə bir tövsiyə verirəm: çalışın süni intellektdən həkim, müəllim və ya psixoloq kimi istifadə etməyin. Öz zəkanızı və intellektual səviyyənizi inkişaf etdirmək üçün informasiyanı daha çox kitablardan və insanlarla ünsiyyətdən almağa çalışın. Həmçinin şəxsi məlumatlarınızı süni intellekt platformalarına ötürməyin.

Təəssüf ki, insanların oxuma vərdişləri azalıb, kitaba olan maraq xeyli zəifləyib. Demək olar ki, artıq bir çox insanda oxumağa səbir çatmır. Bunun əsas səbəbləri təkcə telefon, kompüter və uşaqların çox sevdiyi oyun konsolları deyil, eyni zamanda sosial şəbəkələrdəki bəzi platformalardır. Oradakı əlçatan informasiyalar, qısa və mənası bəzən aydın olmayan videolar, sürətli məzmun axını insanların diqqət müddətini xeyli azaldıb. Artıq bir çox insan 20 saniyədən artıq kiminsə fikrini diqqətlə dinləyə bilmir.

Bu isə insanların bir-birini daha çətin anlamasına səbəb olur. Düşünürəm ki, sosial şəbəkələrin hansı növündən istifadə etdiyimiz də çox vacibdir. Burada insanın xarakteri, iradəsi və özünənəzarəti böyük rol oynayır. Bu şəbəkələrin bizə vurduğu ziyanı minimuma endirmək üçün insanlar canlı ünsiyyəti artırmalı, dinləmə bacarıqlarını inkişaf etdirməli və oxuma vərdişlərini yenidən formalaşdırmalıdırlar”.