3D dondurmaların orqanizmə hansı təsirləri var? - EKSPERT AÇIQLADI

6 May 2026 16:30 (UTC+04:00)

Son zamanlarda 3D dondurmalar məşhurlaşıb. Bu dondurmaların hansı zərərləri var?

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, gündəlik olaraq bir sıra ərzaq məhsullarından istifadə olunur:

“Bunlardan biri də yay fəslinin gəlişi ilə əlaqədar olaraq istehlakı artan dondurmalardır. Son zamanlar ölkəmizdə və dünyada uzaq Şərq ölkələrindən — Çin, Koreya və Yaponiyadan idxal olunan 3D formatında hazırlanan dondurmalar da populyarlıq qazanıb. Əslində, bu cür dondurmaların zərərli olması ilə bağlı laborator səviyyədə təsdiqlənmiş elmi məlumat mövcud deyil. Əgər onların insan sağlamlığına zərər yetirə biləcək hər hansı mikroorqanizm, çirklənmə faktoru və ya təhlükəli maddə tərkibi olsaydı, ölkəyə idxalına icazə verilməzdi.

Lakin bu dondurmaların istehlakı müəyyən risklər daşıya bilər. Birincisi, əgər bu məhsullar 3D printer vasitəsilə hazırlanırsa, həmin avadanlığın necə təmizlənməsi və gigiyenik normalara nə dərəcədə əməl olunması sual doğurur.

İkincisi, istifadə olunan süni rəngləndiricilər diqqət tələb edir. Bildiyiniz kimi, bu dondurmalar olduqca parlaq rənglərə malik olur və bu görünüşü təmin etmək üçün müxtəlif rəngləndiricilərdən istifadə edilir. Bu isə onların tez-tez istehlakını tövsiyə olunan etmir.

Bundan əlavə, süni dadlandırıcılar, məhsulun qeyri-təbii tərkibi, süd mənşəli olmaması kimi amillər də müəyyən risklər yarada bilər. Xüsusilə natrium benzoat kimi konservantların normadan artıq istifadəsi sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər.

Həddindən artıq şəkər əlavəsi isə şəkərli qidalara tələbatı artırır və uzunmüddətli perspektivdə piylənmə, insulin müqaviməti və 2-ci tip diabet riskini yüksəldə bilər. Xüsusilə uşaqlarda, hamilə qadınlarda və mədə-bağırsaq sistemi həssas olan insanlarda həzm pozğunluqları yarada bilər.

Ona görə də bir mütəxəssis kimi tövsiyə edirəm ki, bu məhsullardan çox, insanın fiziki və zehni inkişafına müsbət təsir göstərə biləcək, təbii tərkibli dondurmalara üstünlük verilsin”.