Rusiya yenidən valyuta və qızıl alışına başlayacaq

6 May 2026 16:39 (UTC+04:00)

Rusiya Maliyyə Nazirliyi daxili bazarda yenidən valyuta və qızıl alışına başlanacağını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin yazılı bəyanatında bildirilib ki, daxili bazarda valyuta və qızıl alışları 2025-ci ilin iyun ayında dayandırılmışdı və büdcə qaydaları çərçivəsində 8 may–4 iyun tarixləri arasında bu proses yenidən bərpa olunacaq.

Analitiklər hesab edir ki, alışların bərpası neft gəlirlərinin artması ilə bağlıdır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə 28 fevralda ABŞ/İsrail hücumlarından sonra 2 mart tarixində Hörmüz boğazının keçidlər üçün bağlandığını açıqlamış, bunun ardınca qlobal neft qiymətləri sürətlə artmışdı.

Rusiya Maliyyə Naziri Anton Siluanov 3 may tarixində verdiyi açıqlamada qeyd etmişdi ki, son dövrlərdə neft qiymətlərində baş verən artım nəticəsində dövlət büdcəsinə təxminən 200 milyard rubl (təxminən 2,7 milyard dollar) əlavə gəlir daxil olub.