"Şəhər və rayonlarda aparılan yenidənqurma işləri ölkənin ümumi inkişafına xidmət edir" - MÖVQE

6 May 2026 16:00 (UTC+04:00)

"Azərbaycanda, xüsusilə də Bakı şəhərində infrastrukturun müasirləşdirilməsi və yeni istirahət məkanlarının yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə İlham Əliyev tərəfindən həyata keçirilən siyasət ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, son onilliklər ərzində Bakıda genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilib: "Xüsusilə şəhərsalma ilə bağlı beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində görülən işlər paytaxtın müasir simasının formalaşmasına mühüm töhfə verir.

Bu baxımdan, İslam Səfərli küçəsi ərazisində aparılan abadlıq və yenidənqurma işləri xüsusi qeyd olunmalıdır. Burada həyata keçirilən layihələr həm şəhərsalma qaydalarına uyğunluğu, həm də Bakının tarixi-memarlıq simasının qorunması ilə seçilir. Eyni zamanda bu məkanların yaradılması şəhər sakinlərinin və qonaqların asudə vaxtının səmərəli təşkili üçün geniş imkanlar açır.

Şəhər mühitinin yaxşılaşdırılması, nəqliyyat və sosial infrastrukturun inkişafı dövlətin qarşıya qoyduğu əsas vəzifələr sırasındadır. Bu layihələrin açılışında Prezident İlham Əliyevin, həmçinin Mehriban Əliyevanın və ailə üzvlərinin iştirakı onların bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.

Eyni zamanda qeyd etmək lazımdır ki, inkişaf prosesi təkcə paytaxtla məhdudlaşmır. Azərbaycanın digər regionlarında da infrastruktur layihələri ardıcıl şəkildə həyata keçirilir, şəhər və rayonların siması müasirləşir və yenilənir.

Ölkədə həyata keçirilən bu siyasət davamlı xarakter daşıyır və gələcək dövrdə də uğurla davam etdiriləcəyi gözlənilir".