"İtaliya Respublikasının Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri, sadəcə iki dövlət arasında növbəti protokol görüşü deyil, qlobal məzmun daşıyan və Avrasiyanın enerji və siyasi arxitekturasını yenidən dizayn edən tarixi bir hadisəyə çevrilə bildi. İtaliya Avropa İttifaqı daxilində Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü ən yaxşı anlayan və dəstəkləyən ölkələrdən biridir".
Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, bəzi Avropa İttifaqı ölkələrinin birtərəfli region siyasətindən fərqli olaraq, Roma Bakı ilə praqmatik, qarşılıqlı hörmətə əsaslanan dialoqa üstünlük verir:
"Eyni zamanda Azərbaycan üçün İtaliya Avropa institutlarında və beynəlxalq platformalarda öz həqiqətlərini çatdırmaq və əməkdaşlığı gücləndirmək üçün etibarlı və nüfuzlu bir "qapı" rolunu oynayır. Yəni, bir sözlə Meloninin bu səfəri regional təhlükəsizlik və qlobal enerji böhranları fonunda Bakı və Roma arasındakı ittifaqın sadəcə iqtisadi asılılıq deyil, həm də Avropanın enerji təhlükəsizliyini formalaşdıran mühüm siyasi ox olduğunu təsdiqləyir. Bu mənada, İtaliya Baş Naziri Ciorcia Meloninin Bakıya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin sadəcə alıcı-satıcı, ticari fəaliyyət münasibətlərindən çıxaraq strateji geosiyasi tərəfdaşlıq müstəvisinə uğurlu praktik keçid etdiyinin nümayişdir. Liderlərin ritorikası da bir daha göstərdi ki, Roma Bakı ilə münasibətlərini həm Şərq-Qərb dəhlizinin mərkəzi oxu, həm də Avropanın xilaskar tərəfdaşı müstəvisində qiymətləndirir.
Bu səfər fonunda bir daha təsdiqləndi ki, Azərbaycan-İtaliya əlaqələrində ilk nəzərəçarpan məqam enerji amilinin münasibətlərin təməl sütunu olaraq qalmasıdır. Cənab İlham Əliyevin maraqları uğurla uzlaşdırmasının nəticəsidir ki, Meloni hökuməti də bu əməkdaşlığın genişləndirilməsində və Avropanın enerji coğrafiyasının şaxələndirilməsində kifayət qədər maraqlıdır. Üstəlik iqtisadiyyatın diversifikasiyası və sənaye əməkdaşlığı istiqamətində önəmli perspektivlər artıq daha real qiymətləndirilir. İkitərəfli əlaqələr artıq yalnız neft-qaz sektoru ilə məhdudlaşmır. Hökumətlərarası komissiyanın qəbul etdiyi fəaliyyət planları çərçivəsində sənaye, infrastruktur, kosmik texnologiyalar və bərpa olunan enerji sahəsində İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir.
Aydındır ki, iki ölkə arasındakı münasibətləri yalnız neft-qaz kəmərləri və iqtisadi dividendlərlə ölçmək böyük tarixi xəta olardı. İtaliya ilə Azərbaycan arasında sarsılmaz mənəvi və mədəni körpülər mövcuddur ki, bu sahədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti misilsiz tarixi xidmətdir. Təsadüfi deyil ki, bu müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva İtaliya dövlətinin ən yüksək mükafatı olan "İtaliya Respublikasının Şərəf Ordeninin Cəngavər Böyük Xaçı" ilə təltif edilmişdir.
Bu humanitar diplomatiya rəsmi Romanın siyasi qərarlarına da müsbət mənada təsirini göstərmiş və erməni lobbisinin təzyiqi altında olan bəzi Avropa institutlarından fərqli olaraq, İtaliya parlamenti və dövlət rəsmiləri hər zaman Azərbaycanın haqq işini, ərazi bütövlüyünü və postmüharibə dövründə bölgədə yaratdığı yeni reallıqları tam və qəti şəkildə dəstəkləyən mövqe ilə çıxış etmişdir. Əlbəttə, bu uğurlu tendensiyanın təməlində bir tərəfdə ortaya qoyulan siyasi iradə dayanırsa, digər tərəfdən dəyişməyən bir reallıqdır ki, Azərbaycan artıq sadəcə xammal ixracatçısı deyil, həm də qlobal miqyasda böyük maliyyə gücü və investisiya potensialı olan subyektdir və bu da Prezident İlham Əliyevin yürütdüyü müstəqil, qətiyyətli və milli maraqlara söykənən xarici siyasət kursunun nəticəsidir".