Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib

6 May 2026 10:17 (UTC+04:00)

Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq mövqeyini əhəmiyyətli şəkildə gücləndirib. Ölkəmiz Milli Kibertəhlükəsizlik İndeksində (NCSI) 21 pillə irəliləyərək 52-ci yerdən 31-ci sıraya yüksəlib.

SİA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, "e-Governance Academy"nin hazırladığı beynəlxalq indeks üzrə ölkəmizin göstəricisi 75,83 baldan 83,33 bala çatıb.

NCSI 100-dən çox ölkəni əhatə edir və kibertəhlükəsizlik sahəsindəki ən etibarlı beynəlxalq ölçmə alətlərindən biri hesab olunur. İndeks yalnız texniki imkanları deyil, eyni zamanda hüquqi çərçivəni, idarəetmə qabiliyyətini və milli hazırlıq səviyyəsini qiymətləndirir.

NCSI-nin 12 əsas sahə və 49 indikator üzrə apardığı qiymətləndirmə göstərir ki, Azərbaycan kibertəhlükələrə operativ müdaxilə, milli siyasətin formalaşdırılması, institusional imkanlar və beynəlxalq əməkdaşlıq istiqamətlərində nəzərəçarpan irəliləyiş əldə edib.

Bu uğura Azərbaycanda həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsində nail olunub. Kibertəhlükəsizliyin, rəqəmsal iqtisadiyyat və elektron idarəetmənin gücləndirilməsinə yönələn strateji qərarlar ölkəmizin beynəlxalq arenada rəqabətqabiliyyətini əhəmiyyətli dərəcədə artırıb.

Həmçinin kibertəhlükəsizlik sahəsindəki dövlət investisiyaları, mütəxəssis hazırlığına ayrılan diqqət və kritik informasiya infrastrukturunun qorunmasına yönələn kompleks tədbirlər ölkənin bu sahədəki mövqeyini köklü şəkildə dəyişib. Son illər sahə üzrə milli qanunvericiliyin təkmilləşdirilməsi, ixtisaslaşmış qurumların yaradılması və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətlərində ardıcıl addımların atılması da bu uğuru şərtləndirən amillərdəndir.