“Türk dünyasının ortaq irsi daim birləşdirici rol oynayıb” - CƏLAL İBRAHİM

5 May 2026 16:05 (UTC+04:00)

“Müasir mərhələdə Türk dünyasının mədəni və tarixi irsi qlobal miqyasda kimlik və mənsubiyyət məsələlərinin müzakirəsində mühüm yer tutur. Türkiyə və Azərbaycanın timsalında bu irs yalnız milli sərvət kimi deyil, həm də ortaq sivilizasiya dəyərlərinin daşıyıcısı kimi çıxış edir”.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahim deyib.

Onun sözlərinə görə, ortaq mədəniyyət anlayışı təkcə keçmişə bağlılıq deyil, eyni zamanda müasir dövrdə inteqrasiya və əməkdaşlıq üçün ideoloji baza rolunu oynayır:

“Azərbaycanın müstəqilliyinin qorunması və dövlətçiliyinin möhkəmləndirilməsi bu irsin davamlılığının təmin olunmasında əsas amillərdən biridir. Bu prosesdə xüsusilə gənc nəslin rolu ön plana çıxır. Gənclərin keyfiyyətli təhsil alması, elmi və intellektual fəaliyyətlərdə fəallıq göstərməsi, milli və ümumbəşəri dəyərləri mənimsəməsi cəmiyyətin davamlı inkişafı üçün zəruri şərtlərdən hesab olunur.

Qlobal kontekstdə inkişafın əsas hərəkətverici qüvvəsi kimi bilik və texnologiyanın önə çıxması fonunda Türk dünyasının tarixi irsinə nəzər salmaq xüsusi əhəmiyyət kəsb edir. XI əsrdə Divanü Lügati’t-Türk kimi fundamental əsərlərdə türk xalqlarının dili, idarəçilik prinsipləri və mədəni xüsusiyyətləri haqqında sistemli məlumatların verilməsi bu sivilizasiyanın dərin intellektual ənənələrə malik olduğunu göstərir. Bu əsərin müəllifi Kaşgarlı Mahmud türk dünyasının mədəni kodlarını və sosial dəyərlərini elmi şəkildə təqdim edərək gələcək nəsillər üçün mühüm ideya bazası formalaşdırmışdır.

Tarixi proseslər göstərir ki, Türk dünyası müxtəlif dövrlərdə siyasi və coğrafi parçalanmalarla üzləşmişdir. Lakin buna baxmayaraq, ortaq dil, mədəniyyət və tarixi yaddaş kimi amillər bu coğrafiyada yaşayan xalqlar arasında mənəvi bağlılığı qoruyub saxlamışdır. Bu gün həmin irsin yenidən dəyərləndirilməsi və qorunması, eyni zamanda onun müasir şəraitə uyğun şəkildə inkişaf etdirilməsi həm elmi, həm də ictimai baxımdan aktual məsələ kimi çıxış edir”.