"Bugünkü qalib Azərbaycan Heydər Əliyevin təməllərini atdığı Azərbaycandır" - ŞƏRH

5 May 2026 15:56 (UTC+04:00)

"Ulu öndər Heydər Əliyev Azərbaycana iki mühüm, kritik tarixi mərhələdə rəhbərlik edib. Fərqli ideoloji sistemlər, fərqli hüquqi-siyasi şərait olmasına baxmayaraq, hər iki dövr Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb".

Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev Sovet dövründə Azərbaycana rəhbərlik etdi

"Bu dövrdə Azərbaycanda milli kimliyin, milli özünüdərkin, iqtisadi inkişafın və sosial rifahın tərəqqisi baş verib. Müstəqillik dövründə isə böyük dövlət xadimi Heydər Əliyev məhz SSRİ dağıldıqdan sonra formal müstəqil olan ölkəni həqiqi, real müstəqil dövlətə çevirməyi bacarıb. Bununla Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin hüquqi, siyasi, iqtisadi, xarici və daxili siyasət əsaslarını yaratmaqla 1995-ci ildə ilk milli Konstitusiyamızı qəbul etdirib.

Beləliklə, Heydər Əliyev hakimiyyətə gələnə qədər vətəndaş müharibəsindən, qarşıdurmadan, etnik separatizmdən və xaosdan əziyyət çəkən Azərbaycanı dayanıqlı inkişaf edən ölkəyə çevirib. Ona görə də böyük dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin hüquqi, siyasi və sosial-iqtisadi memarıdır. Çünki bu təməl prinsiplərin hər biri məhz onun rəhbərliyi sayəsində müəyyənləşdirilib. Beləliklə, bugünkü qüdrətli, inkişaf edən, qalib Azərbaycana gedən yolun təməlləri də məhz o dövrdə atılıb.

Biz bugünkü qalib Azərbaycan zirvəsindən geriyə dönüb 1991–1993-cü illərə baxsaq, bu müqayisədə də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və Azərbaycan dövləti üçün nə qədər böyük işlər gördüyünü aydın şəkildə görə bilərik. Qısaca olaraq, bugünkü qalib Azərbaycan, bugünkü ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Azərbaycan Ümumilli lider Heydər Əliyevin təməllərini atdığı Azərbaycandır".