Paytaxtda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

5 May 2026 15:52 (UTC+04:00)

Paytaxt Bakının Nizami rayonunda müxtəlif vaxtlarda 5 nəfərə məxsus mobil telefonlar onların işlədikləri məkanlardan və avtomobillərdən oğurlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı İmran Həmidov saxlanılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətdiyinə görə axtarışda olduğu müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər tədbirlər zamanı isə ev və marketlərdən oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Vüsal Əliyev və 28 yaşlı Fərid Əliyev də müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.