Kredit götürən zaman yaxınlarımızın nömrəsi istənirsə, bu zaminlik deməkdir? - AÇIQLANDI

5 May 2026 15:25 (UTC+04:00)

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik ilə bağlı göstərilmişdir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yarana biləcək öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır”.

Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.

O bildirib ki, Mülki Məcəllənin 472.2 maddəsində göstərilib ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır:

”Zaminlik öhdəliyi kredit müqaviləsi bitənədək davam edir. Lakin Mülki Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir:
477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;
477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;
477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;
477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir.

Vəfat edən şəxsin kredit borcu mövcud olduqda, bank da borcun ödənilməsi üçün tədbir görür. Lakin, əgər vərəsələr mirası qəbul etmirsə və şəxsin əmlakı mövcud deyilsə, borc bank tərəfindən silinə bilər.
Borclu vəfat etdikdə onun krediti, bank qarşısında daşıdığı öhdəlikləri və digər borcları avtomatik olaraq silinmir.

Bu proses Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələri və Konstitusiya Məhkəməsinin Plenumunun 4 iyun 2018-ci il tarixli qərarı ilə tam formalaşdırılmış hüquqi çərçivəyə malikdir.
Mülki Məcəllənin 470, 472, 1146, 1255 və 1306-cı maddələrinə əsasən, borclunun ölümündən sonra yaranan borc məsuliyyəti birbaşa vərəsəlik münasibətləri ilə əlaqələndirilir. Qanunvericilik miras sahiblərinin və kreditorun (bankın) hüquqlarını balanslaşdırmaq üçün konkret öhdəlik bölgüsü müəyyən edir”.

Ayşən Vəli