Azərbaycan kinosunda yeni bədii dram layihəsi olan “Ölümün verdiyi həyat” filmi tamaşaçılara təqdim olunmağa hazırlaşır. Film, ssenari müəllifi Vüsal Cəbrayıloğlunun “Ölümün bəxş etdiyi həyat” adlı hekayəsi əsasında ekranlaşdırılıb və dərin fəlsəfi məzmunu ilə diqqət çəkir.
SİA xəbər verir ki, filmin quruluşçu rejissoru və ssenari müəlliflərindən biri Ramin Adiloğlu, ikinci rejissoru Murad Adiloğlu, quruluşçu operatoru isə Ağa Ağayevdir. Ekran işində bir çox tanınmış aktyorlar rol alıb. Onlardan Elşad Zarafatsız, Murad EME, Emil Şahzadə həyat və ölüm arasındakı incə sərhədi təsirli şəkildə tamaşaçıya çatdırırlar.
Bədii dram janrında çəkilən film, bir insanın həyatının sona çatmasının digərinin həyatına yeni bir başlanğıc verməsi ideyası üzərində qurulub. Süjet xətti həyatın dəyəri, itki və ümid kimi mövzuları ön plana çıxarır.
Filmin təqdimatı ilə bağlı üç gün ardıcıl qala tədbirləri keçiriləcək. Mayın 7-də Nizami Kino Mərkəzində mətbuat nümayəndələri üçün xüsusi press qala təşkil olunacaq. Əsasən jurnalistlər və media nümayəndələri üçün nəzərdə tutulub.
Mayın 8-də isə “Ölümün bəxş etdiyi həyat” kitabının rəsmi təqdimatı baş tutacaq və eyni zamanda film də nümayiş olunacaq. Bu tədbir ədəbiyyat və kino sevərləri bir araya gətirəcək.
Mayın 9-da filmin əsas qala gecəsi keçiriləcək. Həmin gün ictimaiyyət nümayəndələri, media mənsubları və kino həvəskarları filmin geniş təqdimatında iştirak edəcəklər.
“Ölümün verdiyi həyat” filmi həm mövzusu, həm də yaradıcı heyəti ilə Azərbaycan kinosunda yadda qalan layihələrdən biri olacağdır.