“Müasir dövrdə eyni vaxtda davam edən münaqişələr beynəlxalq sistemin quruluşuna tədricən təsir göstərərək uzun illər formalaşmış qaydaların yenidən dəyərləndirilməsinə səbəb olur”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə , əsas dəyişikliklərdən biri güc balansında baş verir: qlobal miqyasda vahid hegemon model zəifləyir və onun yerini daha parçalanmış, çoxqütblü bir sistem tutur:
”Artıq dövlətlər təsir imkanlarını yalnız hərbi güclə deyil, həm də enerji resursları, texnologiya və geoiqtisadi vasitələrlə formalaşdırmağa çalışırlar. Müharibələr eyni zamanda ittifaqların mahiyyətini dəyişdirir, sabit bloklaşmaların yerini daha çevik və situativ əməkdaşlıqlar tutur ki, bu da beynəlxalq münasibətləri daha dəyişkən və qeyri-müəyyən edir.
Digər tərəfdən, idarəetmə və təhlükəsizlik anlayışları da yenidən formalaşır. Müasir şərait göstərir ki, təhlükəsizlik artıq yalnız ərazi bütövlüyünün qorunması ilə məhdudlaşmır; enerji təminatı, ərzaq təhlükəsizliyi, informasiya sahəsi və texnoloji müstəqillik də bu anlayışın ayrılmaz hissəsinə çevrilir.
Bu vəziyyət dövlətləri daxili dayanıqlığı artırmağa, iqtisadi və rəqəmsal sahədə daha müstəqil olmağa yönəldir. Bununla yanaşı, beynəlxalq hüquq və institutların təsir gücü daha çox müzakirə mövzusuna çevrilir, çünki praktiki siyasətdə güc amili çox vaxt normativ qaydaları üstələyir. Beləliklə, qlobal siyasət daha rəqabətli, daha az proqnozlaşdırılan və daha yüksək riskli bir mərhələyə daxil olur”.