"Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı videobağlantı formatında çıxışı Cənubi Qafqazın müasir tarixinə “geosiyasi barışıq aktı” kimi daxil oldu. Bu çıxış sadəcə bir liderin beynəlxalq tədbirdə iştirakı deyil, Azərbaycanın qalib tərəf kimi nümayiş etdirdiyi strateji təmkinin və gələcəyə yönəlmiş siyasi iradəsinin bariz nümunəsidir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
_(1)_(1)_(2).jpg)
Onun sözlərinə görə, dövlət başçısının Bakıdan İrəvana ünvanlanan sülh mesajları regionun onilliklər boyu davam edən nifaq mərhələsini geridə qoyaraq iqtisadi və logistik inteqrasiya mərhələsinə qədəm qoyduğunu bütün dünyaya bəyan etdi: "Analitik müstəvidə yanaşdıqda Prezidentin çıxışında xüsusi vurğulanan “Trump Marşrutu” konsepsiyası diqqəti cəlb edir. Bu, Azərbaycanın təkcə öz ərazi bütövlüyünü təmin edən hərbi güc deyil, həm də qlobal logistik xəritələri yenidən dizayn edən mühüm aktora çevrildiyini təsdiqləyir. Zəngəzur dəhlizinin yeni siyasi çalarlarla və beynəlxalq dəstəklə təqdim edilməsi Ermənistanın regional təcriddən çıxması üçün real şans, Avropa üçün isə yeni və təhlükəsiz enerji və nəqliyyat arteriyası deməkdir. Bakının İrəvana neft məhsulları tədarük etməyə hazır olduğunu bildirməsi isə ritorik sülhdən praktiki tərəfdaşlığa keçidin ən cəsarətli addımı kimi qiymətləndirilir.
Bununla belə, Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın milli maraqlarını və suverenliyini hər hansı kənar diktədən üstün tutduğunu bir daha xatırlatdı. Bəzi Avropa təsisatlarının qərəzli mövqeyinə qarşı nümayiş etdirilən prinsipiallıq göstərdi ki, Azərbaycan sülhü zəiflikdən deyil, gücdən və ədalətdən çıxış edərək qurur. 2026-cı il sammitinin İrəvanda keçirilməsinə Bakının verdiyi dəstək və 2028-ci ildə bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi edəcəyi ilə bağlı anons ölkəmizin regionun geosiyasi memarı statusunu daha da möhkəmləndirdi. Bu çıxış Cənubi Qafqazı münaqişə zonasından çıxararaq qlobal əməkdaşlıq mərkəzinə çevirmək yolunda atılmış ən mühüm diplomatik addımlardan biridir".