Son illərdə təhsil sistemində aparılan dəyişikliklər bir sıra ixtisasların strukturuna və hazırlanma səviyyəsinə yenidən baxılmasını zəruri edib. Bu dəyişikliklərdən biri də “Fiziki tərbiyə müəllimliyi” ixtisasının kolleclərdən çıxarılması ilə bağlıdır. Bu addım cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub: bir tərəf bunu müəllim hazırlığında keyfiyyətin yüksəldilməsi kimi qiymətləndirir, digər tərəf isə praktiki kadr çatışmazlığı riski barədə narahatlıq ifadə edir. “Fiziki tərbiyə müəllimliyi” ixtisasının kolleclərdən çıxarılması niyə lazım idi? Məktəblərdə fiziki tərbiyə müəllimlərinin hazırlanması hansı səviyyədə olmalıdır? Ümumiyətlə qabiliyyət imtahanlarının gələcəkdə rolu artmalıdırmı?
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi SİA-ya açıqlamasında bildirib ki, dünyanın artıq əksər ölkəsində qəbul olunub ki, pedaqoji ixtisaslar yalnız ali təhsil sistemi daxilində tədris olunmalıdır:
"Dünyanın bir çox inkişaf etmiş və təhsil göstəriciləri yüksək olan ölkələrində artıq pedaqoji kadr hazırlığı ali təhsil sistemində həyata keçirilir. Bizdə də bir neçə il bundan öncə orta ixtisas təhsili müəssisələrindən xarici dil müəllimliyi, o cümlədən fiziki tərbiyə müəllimliyi ixtisasları çıxarıldı. Əvvəllər təsviri incəsənət müəllimliyi də var idi, o da ləğv olundu. Son olaraq fiziki tərbiyə müəllimliyi ixtisası da ləğv edildi və yalnız məktəbəqədər təhsil qalıb. Yəqin ki, qarşıdakı illərdə məktəbəqədər təhsil ixtisası da orta ixtisas təhsili müəssisələrindən ləğv olunacaq və kadr hazırlığı yalnız ali təhsil istiqamətində həyata keçiriləcək.
Bu da onu deməyə əsas verir ki, artıq dövr dəyişib və daha çox tələbat ali təhsilli pedaqoji kadrlara yönəlib. Yəni bu, yalnız bizim ölkəmizlə bağlı deyil, qlobal yanaşma da belədir. Qaldı ki, fiziki tərbiyə müəllimlərinin hazırlıq prosesinə, təbii ki, ali təhsil istiqamətində bu hazırlıq dörd il ərzində həyata keçirilir. Qabiliyyət imtahanları da ali təhsil istiqamətində daha fərqli formatda keçirilir. Buraya məsafəyə qaçış, turnikdə dartınma və digər normativlər daxildir. Bu normativlər vasitəsilə həmin ixtisas üzrə təhsil almaq istəyənlərin bacarıqları müəyyənləşdirilir.
Onlar dörd il ərzində məhz fiziki tərbiyə sahəsi üzrə, eyni zamanda peşəkar fəaliyyətə hazırlıq istiqamətində təhsil alırlar. Yəni həm hərbi müəllimlik, həm də bədən tərbiyəsi müəllimliyi sahəsində fəaliyyət göstərmək üçün ali təhsil almaları yetərlidir".