Yanğın təhlükəsizliyi üzrə bilik və bacarıqların artırılması məqsədilə Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

5 May 2026 09:52 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalında “Yanğın təhlükəsizliyi sahəsində əməkdaşların bilik və bacarıqlarının artırılması, həmçinin fövqəladə hallarda düzgün davranış vərdişlərinin formalaşdırılması” mövzusunda təlim keçirilib. Təlimdə Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, şöbə rəisləri və əməkdaşlar iştirak ediblər.

Təlimdə Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim Bəxtiyar Musayev çıxış edərək belə təlimlərin səhiyyə müəssisələrində xüsusi əhəmiyyət daşıdığını, eləcə də yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət olunması, fövqəladə hallarda operativ və koordinasiyalı davranışın təmin edilməsi həm əməkdaşların, həm də pasiyentlərin həyat və sağlamlığının qorunmasında mühüm rol oynadığını vurğulayıb. Baş həkim Bəxtiyar Musayev qeyd edib ki, bu cür maarifləndirici və praktiki yönümlü təlimlər əməkdaşların bilik və bacarıqlarının artırılmasına, real vəziyyətlərdə çevik və düzgün qərarvermə qabiliyyətinin formalaşmasına xidmət edir.

Dövlət Gömrük Komitəsi İnfrastrukturun İnkişafı İdarəsi tərəfindən keçirilən təlimdə yanğın təhlükəsizliyi qaydaları, fövqəladə hallarda düzgün davranış prinsipləri, təxliyə qaydaları və ilkin yanğınsöndürmə vasitələri barədə ətraflı məlumatlar təqdim olunub.

Təlim zamanı əməkdaşlara mümkün yanğın risklərinin vaxtında müəyyən edilməsi, qarşısının alınması, eləcə də hadisə baş verdiyi halda operativ və düzgün qərarların verilməsi ilə bağlı geniş izahlar verilib.
Təlimin keçirilməsində məqsəd əməkdaşların yanğın təhlükəsizliyi sahəsində bilik və hazırlıq səviyyəsinin daha da artırılmasıdır.