"Azərbaycanda tikinti sektorunda ekoloji standartlara əməl olunması son illərdə gücləndirilən qanunvericilik və dövlət nəzarətinə baxmayaraq, hələ də müəyyən çatışmazlıqlar qalmaqdadır".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.

Onun sözlərinə görə, tikinti sektorunda ekoloji vəziyyətlə bağlı nəzarəti Dövlət Ekoloji Ekspertiza xidməti həyata keçirir: "Tikinti işləri bu qurumun rəyi alındıqdan sonra həyata keçirilməlidir. Tikinti layihələri başlamazdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyində ekoloji cəhətdən qiymətləndirilməli və rəy alınmalıdır. Bu rəydə layihələrin ətraf mühitə təsiri, o cümlədən tullantılar, səs-küy və toz amilləri əvvəlcədən müəyyən edilməlidir.
İnşaat aparılmalı olan ərazilərdə ağacların və yaşıllıqların qorunması qanunvericilikdə nəzərdə tutulur. Tikinti sahələrində ağacların qanunsuz kəsilməsi halları olduqca mühüm problemdir. Əgər yaşıllıqlar tikinti ərazisinə düşürsə, onların köçürülməsi qanunla nəzərdə tutulur. Bu proses ciddi nəzarət altında aparılmalı və qanunvericilik tələblərinə tam riayət edilməlidir.
İnşaat yerlərində tullantıların idarə edilməsi də xüsusi əhəmiyyət daşıyır. Tikinti zamanı yaranan tullantıların düzgün idarə olunması və ətraf mühitə minimal təsir göstərməsi qanunvericiliyin əsas tələblərindəndir. Son zamanlar enerjiyə qənaət edən və ekoloji cəhətdən təmiz materiallardan istifadə edilən yaşıl tikinti layihələrinə maraq artsa da, bu sahədə innovativ yanaşmaların artırılmasına hələ də ehtiyac var.
Bütövlükdə, irimiqyaslı dövlət və özəl layihələrdə beynəlxalq standartlara daha çox riayət edilsə də, kiçik tikinti layihələrində ekoloji normaların pozulması halları hələ də mövcuddur.
Tikinti aparılan zaman çox sayda pozuntular baş verir. Bu sahədə korrupsiya halları da geniş yayılıb. Bundan əlavə, inşaat işləri aparılarkən ətrafda yaşayan insanların nə rəyi nəzərə alınır, nə də onlara əvvəlcədən məlumat verilir. İnsanların istirahəti üçün salınmış bağlar və uşaqların oynaması üçün nəzərdə tutulmuş meydançalar zəbt olunur.
İnşaat aparılan ərazi yaşayış binasıdırsa, orada yaşayan insanların istirahəti və uşaqların oynaması üçün meydançalar da çox vaxt nəzərdə tutulmur. Halbuki bunlar layihədə mütləq şəkildə yer almalıdır. Eyni problem avtomobillərin park edilməsi ilə bağlı da müşahidə olunur. Bəzi binaların altında belə yerlər olsa da, avtomobillər çox vaxt digər həyətlərdə saxlanılır və bu da sıxlığa səbəb olur.
Yeni tikilən binalarda yaşayan uşaqlar yaxın həyətlərə oynamağa məcbur qalır. Bu isə həmin ərazilərdə səs-küyün və sıxlığın artmasına səbəb olur. Belə hallar insanların, xüsusilə yaşlıların sağlamlığına mənfi təsir göstərir.
Azərbaycanda tikinti zamanı ekoloji normaları pozan fiziki və hüquqi şəxslərin İnzibati Xətalar Məcəlləsi, bəzi hallarda isə Cinayət Məcəlləsi ilə cəzalandırılması nəzərdə tutulur. Cəzalar pozuntunun növünə və vurulan ziyana görə dəyişir. Bu cəzalar ekoloji ekspertiza rəyi olmadan aparılan tikintilərə, tikinti tullantılarının düzgün idarə olunmamasına, tullantıların icazə verilməyən yerlərə atılması və ya yandırılmasına, eləcə də atmosferin çirkləndirilməsi hallarında tətbiq edilir. Tikinti sahələrində ağacların kəsilməsi və ya zədələnməsi ən ciddi cərimə olunan pozuntulardan biri hesab olunsa da, bu hallar hələ də davam edir.
Mövcud nəzarət mexanizmləri son illərdə gücləndirilsə də, onların ətraf mühitin tam qorunmasını təmin etdiyini söyləmək çətindir. Hazırda sistemdə həm texniki, həm də institusional xarakterli boşluqlar mövcuddur. Bir çox tikinti sahəsində ekoloji nəzarət yalnız şikayətlər əsasında və ya planlı yoxlamalar zamanı həyata keçirilir.
Toz və səs-küy sensorlarının olmaması bəzi qayda pozuntularının gizli qalmasına şərait yaradır. Vətəndaşların tikinti sahələrində baş verən ekoloji pozuntular barədə məlumatlılığı və şikayət mexanizmlərindən, o cümlədən Ekologiya Nazirliyinin qaynar xəttindən istifadə səviyyəsi hələ istənilən həddə deyil.
Şirkətlər tikinti tullantılarını düzgün idarə etmək istəsə belə, şəhər ətrafında bu tullantıları qəbul edən və təkrar emal edən ixtisaslaşmış zavodların sayı ya çox azdır, ya da ümumiyyətlə yoxdur. Bu isə tullantıların qeyri-qanuni poliqonlara atılması riskini artırır".