Kredit şərtləri hansı hallarda dəyişdirilə bilər? - İQTİSADÇI AÇIQLADI

5 May 2026 10:49 (UTC+04:00)

Son dövrlərdə kredit öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkən vətəndaşların sayı artdıqca, kredit şərtlərinin dəyişdirilməsi məsələsi də aktuallaşır. Xüsusilə iqtisadi dalğalanmalar, gəlirlərin azalması və gözlənilməz maliyyə çətinlikləri fonunda borcalanlar daha əlverişli şərtlər axtarır. Bu isə "kreditlərin restrukturizasiyası" anlayışını yenidən gündəmə gətirir. Bəs, kredit şərtləri hansı hallarda dəyişdirilə bilər və bu proses borcalan üçün nə dərəcədə əlçatan hesab olunur?

Məsələ ilə bağlı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, banklarla müştəri arasında olan anlaşma nəticəsində kredit şərtlərinin dəyişdirilməsi mümkündür:

"Nəzərə alsaq ki, bir sıra hallarda banklar vətəndaş krediti ödəyə bilmədikdə kredit şərtlərinin dəyişdirilməsi və kredit restrukturizasiyasını həyata keçirir və bunun üçün də təbii ki, banklara xüsusi səlahiyyətlər verilmişdir. Bəzi hallarda dövlət tərəfindən kompensasiyanın ödənilməsi də müşahidə olunur.

Çünki bəzi hallarda, xüsusən də iqtisadi sistemlə bağlı çağırışlar olan zaman biz dayanıqlılığın təmin edilməsi məqsədilə bu istiqamətdə restrukturizasiya ilə bağlı qərarları müşahidə edirik. Məsələn, devalvasiyadan sonra Azərbaycanda dollar kreditləri ilə bağlı kompensasiyanın verilməsi barədə qərar qəbul edildi. Ona görə də, əgər iqtisadi sistemlə bağlı çağırışlar müşahidə olunursa, o halda dövlət tərəfindən kompensasiyanın verilməsi və ya kreditlərin restrukturizasiyası ilə bağlı qərar qəbul edilə bilər.

Adi hallarda isə bu qərarlar birbaşa bankların özləri tərəfindən verilir və banklarla müştərilər arasında əldə olunan anlaşma əsasında kredit müqaviləsinə yenidən baxılaraq kreditin restrukturizasiyası həyata keçirilə bilər".