Dünya mətbuatı Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısındakı çıxışından yazır

4 May 2026 23:05 (UTC+04:00)

Dünyanın bir sıra aparıcı media qurumları mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısına videobağlantı formatında qoşulan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını geniş işıqlandırıb.

SİA xəbər verir ki, dərc olunan xəbərlərdə Prezidentin çıxışı həm Azərbaycan-Ermənistan sülh prosesində praktik əməkdaşlığın formalaşması, həm də Avropa institutları ilə siyasi gərginliklər fonunda davam edən diplomatik qarşıdurma kimi iki paralel xətt üzrə təqdim olunur.

İtaliyanın "Agenzia Nova", İsveçrənin "Swissinfo", Argentinanın "Infobae" kimi media resurslarında əsas diqqəti Prezident İlham Əliyevin çıxışına yönəldilib. Qeyd olunur ki, Prezident Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində irəliləyişlərin olduğunu vurğulayır və bunu konkret iqtisadi, nəqliyyat addımları ilə əsaslandırır. Məqalələrdə Azərbaycan Prezidentinin Avropa Parlamenti və digər qurumların qəbul etdiyi qətnamələri kəskin tənqid etdiyini və bu yanaşmanı ədalətsiz hesab etdiyini oxucuya çatdırılır.

Rusiyanın "Kommersant" nəşrində "Əliyev Avropa Parlamentini Ermənistanla sülh prosesini sabotaj etməkdə günahlandırıb" sərlövhəsi ilə dərc olunan məqalə Azərbaycan Prezidentinin çıxışını daha çox siyasi kontekstdə təqdim edərək onun həm sülh prosesi ilə bağlı nikbin mesajlar verdiyini, həm də Qərb institutlarını kəskin tənqid etdiyini vurğulayır.

Ümumi olaraq Rusiya mediası xəbəri iki əsas xətt üzrə təqdim edir. Bir tərəfdən Cənubi Qafqazda sülh prosesinin irəliləməsi, digər tərəfdən isə Qərb institutları ilə siyasi ziddiyyətlərin dərinləşməsi önə çəkilir.

Mərakeşin A5R5BR adlı xəbər platforması da əsasən Prezident İlham Əliyevin Avropa institutlarına yönəltdiyi tənqidlərə fokuslanır və xüsusilə Avropa Parlamentini sülh prosesinə müdaxilə etməkdə və onu zəiflətməkdə ittiham etməsini ön plana çıxarır.

Livan Milli Xəbər Agentliyinin (NNA Lebanon) yayımladığı material da əsasən Prezident İlham Əliyevin Avropa Parlamentini Ermənistan-Azərbaycan sülh prosesinə mənfi təsir göstərməkdə ittiham etdiyini ön plana çəkir.

Birləşmiş Ərəb Əmirliklərinin "Voice of Emirates" nəşri tərəfindən yayımlanan xəbərdə əsas vurğu ondan ibarətdir ki, Prezident İlham Əliyev Avropa Parlamenti ilə münasibətlərin dayandırıldığını elan edib və bu addımı qurumun Azərbaycan-Ermənistan sülh prosesinə mane olması ilə əsaslandırıb.

Gürcüstan mətbuatında da (1TV, IPRESS, On.ge, Netgazeti, NewsHub və digər media qurumları) yayılan materiallar ümumilikdə Prezident İlham Əliyevin çıxışını eyni əsas xətt üzrə təqdim edir. Belə ki, Azərbaycan-Ermənistan münasibətlərində artıq faktiki sülh mühitinin formalaşdığı və tərəflər arasında müəyyən sabitliyin yarandığı vurğulanır. Xüsusilə iqtisadi əlaqələr, tranzit layihələri və regional kommunikasiya xətləri bu irəliləyişin praktiki göstəriciləri kimi təqdim olunur.

Mətləb