Son illər Azərbaycanda nikahların sayında sürətli azalma müşahidə edilir. Paralel olaraq isə boşanmaların sayının artması fonunda ortaya çıxan bu təhlükəli tendensiya artıq narahatlıq doğurmağa başlayan demoqrafik bir problemə çevrilmək üzrədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5250 nikaha daxilolma və 3376 boşanma halları qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,2-yə düşüb. Bəs, bunun əsas səbəbi nədir?
Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrin insanların gündəlik həyatına təsiri artdıqca, bu təsirin ailə münasibətlərinə və nikah institutuna mənfi təsirləri də daha açıq şəkildə görünməyə başlayıb:
“Xüsusilə qısa və sürətli videoların geniş yayılması insanlarda səbirsizlik yaradır, diqqət müddətini azaldır və uzunmüddətli ünsiyyət qurmaq bacarığını zəiflədir. İnsanlar saatlarla qısa məzmunlara baxmağa alışdıqları üçün real həyatda qarşı tərəfi dinləmək, anlayış göstərmək və münasibəti səbrlə davam etdirmək onlar üçün daha çətin olur. Halbuki sağlam ailə münasibətləri məhz qarşılıqlı səbr, diqqət və uzunmüddətli emosional əlaqə tələb edir.
Bundan əlavə, sosial şəbəkələrdə münasibətlərin daha çox idealizə olunmuş tərəfləri göstərilir. İnsanlar başqalarının paylaşdığı “mükəmməl” ailə və sevgi görüntülərini görərək öz münasibətlərini onlarla müqayisə edirlər. Bu isə reallıqla virtual görüntü arasındakı fərqi nəzərə almadan insanlarda narazılıq yaradır. Nəticədə ən kiçik problem belə böyüdülür və münasibətlərin davam etdirilməsi üçün lazım olan anlayış azalır.
Digər tərəfdən boşanma hekayələri, ailədaxili konfliktlər və uğursuz münasibət nümunələri gənclərin ailə qurmağa baxışına mənfi təsir göstərir. Ailə qurub sonradan ayrılan cütlükləri görən bir çox gəncdə nikaha qarşı qorxu formalaşır. Onlar düşünürlər ki, ailə qurduqları halda eyni aqibətlə qarşılaşacaqlar. Bu da ailə qurmağa marağın azalmasına səbəb olur.
Bəzi insanlar isə münasibətlərdə məsuliyyət götürməkdən çəkinirlər”.