“Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq olmadan da fəaliyyət göstərə bilər” - ŞƏRH

4 May 2026 17:02 (UTC+04:00)

“Bir səfirin Xarici İşlər Nazirliyinə çağırılması çox təsirli diplomatik jestdir və çox ciddi hadisələr baş verəndə bu cür addımlar atılır. Nəzərə alsaq ki, söhbət Avropa Birliyinin Azərbaycana qarşı illərlə davam edən qərəzli siyasətinə verilən reaksiyadan gedir, Avropa Birliyi bundan ciddi şəkildə narahat olmalıdır və Azərbaycan Xarici İşlər Nazirliyinin səfiri çağırmasından lazımi nəticələr çıxarmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, təəssüf ki, həmişə rast gəldiyimiz bir izaha bu dəfə də Avropa Birliyi tərəfindən rast gəldik:

“Onlar hesab edirlər ki, Avropa Parlamentinin üzvləri müstəqil deputatlar olduqları və bu qurum müstəqil qanunverici orqan sayıldığı üçün onun fəaliyyətinə ali orqanlar müdaxilə etmirlər. Amma hər kəs yaxşı bilir ki, Avropa Parlamentində təmsil olunan, müxtəlif ölkələri təmsil edən deputatlar əslində bu və ya digər siyasi qüvvələrin təsiri ilə hərəkət edən fərdlərdir.

Unutmamalıdırlar ki, burada söhbət Avropa Birliyinin və onun müxtəlif strukturlarının nüfuzundan, etibarından gedir. Artıq Azərbaycan dəfələrlə ortaya ciddi arqumentlər qoyub. Həm Avropa Parlamentinin, həm Şərq Tərəfdaşlığının, həm də digər Avropa qurumlarının Azərbaycana münasibətdə ayrı-seçkilik nümayiş etdirməsi və beynəlxalq hüququn prinsiplərindən uzaq mövqedə dayanması dəfələrlə onların diqqətinə çatdırılıb.

Hətta məsələ o həddə çatıb ki, Azərbaycan artıq Avropa Birliyi ilə əməkdaşlıqdan imtina etmək, Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlərə yenidən baxmaq kimi mövqelərini ortaya qoyub. Əgər Avropa Birliyi baş verənlərdən lazımi nəticə çıxarmasa, Azərbaycanın daha ciddi siyasi addımlar atmasına ehtiyac yarana bilər.

Amma daha yaxşı olar ki, Azərbaycanın ortaya qoyduğu bu yüksək təsirli diplomatik jestdən Avropa rəhbərliyi lazımi nəticə çıxarsın. Yalnız bu halda Avropa Birliyi Azərbaycanın daha sərt siyasi cavablarından yayına bilər. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlıq olmadan da fəaliyyət göstərə bilər, lakin bu gün Avropa Birliyinin Azərbaycana ciddi şəkildə ehtiyacı var.

Eyni zamanda, Avropa Birliyinin müxtəlif qurumları və vəzifəli şəxsləri Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyü və suverenlik kimi ali hüquqlarına qarşı qərəzli mövqe nümayiş etdirirlər. Bu da onların mövqeyini ciddi tənqid hədəfinə çevirən əsas məsələlərdən biridir”.