Şagirdlərin ildə 2 dəfə imtahan verməsi üstünlükdür, yoxsa əlavə çətinlik? - EKSPERT AÇIQLADI

4 May 2026 16:54 (UTC+04:00)

Növbəti tədris ilindən etibarən dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlər üçün müsahibə qaydalarında yeni dəyişikliklər tətbiq olunacaq. I sinif üzrə müsahibələr ildə bir dəfə, II-XI siniflər üzrə isə iki dəfə keçiriləcək və şagirdlərin dil bacarıqları daha geniş şəkildə yoxlanılacaq. Prosesin videoçəkilişlə aparılması və minimum bal tələbinin müəyyən edilməsi də yeniliklər sırasındadır. Bu dəyişikliklər təhsilin keyfiyyətinə necə təsir edəcək və əsas məqsəd nədir? Bu yeni qayda təhsildə nəyi dəyişəcək? İldə 2 dəfə imtahan verilməsi şagirdlər üçün üstünlükdür, yoxsa əlavə çətinlik?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, yeni qəbul olunmuş qaydalar sistemdə və təhsildə hansısa ciddi dəyişiklik yaradacağı inandırıcı deyil:

“Çünki xarici dillərdə, məsələn rus və ingilis dilində tədris olunan fənlər var ki, burada bəzən valideynlərin təkidi ilə uşaqlar həmin bölmələrə cəlb olunurlar. Hərçənd ki, ilkin olaraq onların məktəbə qəbulu zamanı müəyyən sual-cavab əsasında bilik və bacarıqları, elementar dil bilikləri yoxlanılır, daha sonra həmin qeyri-dilli bölmələrə qəbul olunurlar. Amma bütün bunlara baxmayaraq, yenə də sui-istifadə halları yaranır. Məsələn, uşaqlar ibtidai sinfə qəbul olunana qədər müəyyən hazırlıq keçsələr də, sonradan tədris zamanı geridə qalırlar, materialı mənimsəyə bilmirlər, evdə isə onların tapşırıqları ilə məşğul ola biləcək kimsə olmur.

İndi baxın, yeni qəbul olunmuş qaydalara əsasən kameraların tətbiqi həm şagirdlərdə, həm də müəllimlərdə müəyyən qədər gərginlik və stress yaradacaq. Ona görə də müəllimlər haqlı olaraq bu məsələ ilə bağlı narazılıqlarını ifadə edirlər. Yəqin ki, bundan sonra valideynlərin də bu gərginliyini və narahatlığını hiss edəcəyik.

Ümumilikdə görünən mənzərə budur ki, qeyri-dilli bölmələrdə, xüsusilə rus bölməsində artıq ixtisaslı fənn müəllimləri çatışmır. İngilis dili ilə bağlı müəyyən üstünlüklər var, orada tədrisin keyfiyyəti bir qədər yaxşıdır və müəyyən ümidlər mövcuddur. Ancaq ümumi vəziyyət nə məktəblər, nə də valideynlər üçün qənaətbəxş deyil.

Ona görə də mən düşünürəm ki, bu cür tətbiqlər problemi həll etməyəcək. İldə iki dəfə imtahan keçirmisinizsə, bunu üç dəfə də keçirə bilərsiniz. Amma əgər maddi-texniki baza yoxdursa, rus dilində tədrisi təmin edəcək müəllimlər çatışmırsa, valideyn evdə uşağı həmin dildə məşğul etdirə bilmirsə və dil mühiti yoxdursa, bu, hər halda çətin olacaq.

Belə qərarların verilməsi daha yaxşı olardı ki, geniş valideyn müzakirəsindən sonra həyata keçirilsin. Amma bütün hallarda mən bunu çıxış yolu hesab etmirəm”.