Qərb Ermənistanda yeni planlar qurur – hədəfdə Ankara və Bakı da var

4 May 2026 16:08 (UTC+04:00)

“Ermənistanın paytaxtı İrəvanda işə başlayan “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı həm də Qərb ölkələrinin bölgəmizlə bağlı gələcək planları baxımından mühüm mesajlarla zəngindir. İrəvana gələn Avropa liderləri tədbirin mahiyyətindən kənara çıxaraq birbaşa Nikol Paşinyan hakimiyyətinə siyasi dəstək nümayiş etdirir, qarşıdakı müddətdə Avropa siyasi qurumlarının rəsmi İrəvanla sıx işbirliyi quracağını elan edirlər. Halbuki onların bu siyasi canfəşanlığı bölgənin əsas güc mərkəzi olan və həmin Avropa dövlətlərini qazla təmin edən Azərbaycana münasibətdə gözə görünmür.

Açıq şəkildə Azərbaycana bir başqa, Ermənistana isə bir başqa münasibət ortaya çıxır. Bu, onilliklərdir ki, Qərb siyasətinin ayrı-seçkilik iyrəncliyinin növbəti nümayişidir. Demək ki, Qərb öz köhnə siyasi xəstəliyindən əl çəkənə oxşamır”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Qərb liderlərinin İrəvandakı bəyanatları daha çox Rusiya əleyhinə qurulacaq planların işartısıdır. “Onların bəyanatları daha çox anti-Rusiya ritorikası üzərində qurulub. Xüsusilə gələn ay keçiriləcək parlament seçkilərində N.Paşinyanın siyasi komandasının qələbəsi üçün var gücləri ilə dəstək nümayiş etdirirlər. Burda məqsəd Moskvanın İrəvandakı siyasi və ideoloji rıçaqlarını birdəfəlik kəsmək, bölgədə Ermənistanı İranın təsir və maraq dairəsindən uzaqlaşdırmaq habelə rəsmi Bakı və Ankara əleyhinə siyasi ab-hava yaratmaqdır. Belə görünür ki, Qərbin Ermənistan “sevgisi” yenidən alovlanıb və İrəvan Qərb üçün “bufer zona”ya çevrilir”.
Afət Tahirqızı