Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti 2026-cı il Formula 1 Azərbaycan Qran-Prisinin 10 illik yubiley buraxılışı üzrə Könüllü Proqramına müraciətlərin başlandığını elan edib.
BŞH-dən SİA-ya bildirilib ki, qeydiyyat mayın 4-dən etibarən açıqdır və yalnız Bakı Şəhər Halqasının mobil tətbiqi vasitəsilə həyata keçirilir. Namizədlərə yüksək maraq və rəqabətli seçim prosesi nəzərə alınaraq müraciətlərini gecikdirməmək tövsiyə edilib. Bildirilib ki, proqram iştirakçılara dünyanın ən nüfuzlu idman tədbirlərindən birinin təşkilində yaxından iştirak etmək imkanı yaradır.
Qeyd edək ki, könüllü olmaq istəyən şəxslər məsuliyyətli, enerjili, ünsiyyətcil olmalı və komanda şəraitində işləmə bacarığına malik olmalıdırlar. Proqram üçün minimum yaş həddi 16-dır. Xarici dil biliklərinə malik namizədlərə seçim mərhələsində üstünlük veriləcək.
Xatırladaq ki, ötən il proqram çərçivəsində 30 mindən çox müraciət qeydə alınıb və onlardan yalnız 2 min nəfər könüllü seçilib.
Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da keçiriləcək.