“Uşaqlara ev şəraitində, həkim nəzarəti olmadan vitamin verilməsi mövzusu praktikada tez-tez rast gəlinən, amma eyni zamanda ehtiyatlı yanaşma tələb edən bir məsələdir. Ümumiyyətlə, valideynlər yaxşı niyyətlə , uşağın immunitetini gücləndirmək, iştahasını artırmaq və ya ümumi inkişafını dəstəkləmək məqsədilə ,vitaminlərə müraciət edirlər”.
Bu sözləri SİA -ya açıqlamasında həkim, terapevt Fidan Həsənli bildirib.
Onun sözlərinə görə, burada əsas prinsip ondan ibarətdir ki, vitaminlər dərman olmasa da, bioloji aktiv maddələrdir və onların da düzgün dozalanması və göstəriş əsasında istifadəsi vacibdir:
“Əgər uşaq balanslı qidalanırsa, yəni gündəlik rasionunda zülal, yağ, karbohidratlarla yanaşı meyvə-tərəvəz də kifayət qədərdirsə, əksər hallarda əlavə vitaminə ehtiyac olmur. Bəzi hallarda , məsələn, D vitamini çatışmazlığı riski olan körpələrdə, dəmir defisiti anemiyası olan uşaqlarda və ya qidalanma pozğunluğu mövcud olduqda , vitamin və ya mineral əlavələri həqiqətən faydalı ola bilər. Amma bu hallar mütləq laborator göstəricilər və klinik qiymətləndirmə ilə təsdiqlənməlidir.
Nəzarətsiz vitamin istifadəsinin əsas risklərindən biri hipervitaminozdur. Xüsusilə yağda həll olan vitaminlər ,A, D, E və K orqanizmdə yığıla bilir və artıq dozada toksik təsir göstərə bilər. Məsələn, D vitamininin həddindən artıq qəbulu hiperkalsemiyaya, A vitamininin çoxluğu isə qaraciyər zədələnməsinə və nevroloji əlamətlərə səbəb ola bilər. Bundan əlavə, bəzi vitaminlər digər mikroelementlərin mənimsənilməsinə təsir edə bilər və ya mövcud xəstəliklərin gedişatını dəyişə bilər.
Digər bir məqam isə odur ki, valideynlər bəzən simptomların səbəbini dəqiqləşdirmədən vitamin verməyə başlayırlar. Halbuki iştahasızlıq, halsızlıq və ya tez-tez xəstələnmə kimi əlamətlərin altında başqa tibbi problemlər də dayana bilər və yalnız vitaminlərlə bu problemləri ört-basdır etmək düzgün deyil.
Uşaqlara vitamin verilməsi yalnız həkim məsləhəti və konkret göstəriş olduqda məqsədəuyğundur. Ev şəraitində, nəzarətsiz şəkildə vitamin istifadəsi bəzi hallarda faydalı görünə bilsə də, ümumi yanaşma olaraq bu, riskləri daha çox olan bir praktika hesab olunur. Ən düzgün yanaşma uşağın fərdi ehtiyaclarını qiymətləndirərək, məqsədyönlü və təhlükəsiz müalicə planı qurmaqdır”.