“Ulu Öndər Heydər Əliyev-in doğum günü yaxınlaşdıqca, onun Azərbaycanın dövlətçilik tarixində oynadığı müstəsna rol bir daha xüsusi ehtiramla xatırlanır”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ulu Öndərin adı bir-biri ilə sıx bağlıdır və bu iki anlayışı bir-birindən ayırmaq mümkün deyil:
”Çünki müasir Azərbaycan dövlətinin əldə etdiyi uğurların təməlində məhz onun siyasi iradəsi, uzaqgörənliyi və məqsədyönlü fəaliyyəti dayanır.
Ulu Öndər iki dəfə Azərbaycan Respublikasına rəhbərlik edib və hər iki dövr ölkənin ən mürəkkəb və taleyüklü mərhələlərinə təsadüf edib. 1969-cu ildə rəhbərliyə gəldiyi zaman respublikanın iqtisadiyyatı durğunluq içində idi. Sənaye artımı zəifləmiş, kənd təsərrüfatında məhsuldarlıq aşağı düşmüş, infrastruktur və sosial obyektlərin inkişafı məhdud səviyyədə qalmışdı.
Lakin 1969–1982-ci illər ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadiyyatında ciddi dönüş baş verdi. Sənaye istehsalı 2,5–3 dəfə artdı, orta illik iqtisadi artım tempi 7–8 faiz təşkil etdi. 600-dən çox iri sənaye müəssisəsi və sosial obyekt istifadəyə verildi. Kənd təsərrüfatı məhsulu təxminən 2 dəfə artdı. Şəhərlərin genişləndirilməsi və yeni yaşayış massivlərinin salınması nəticəsində mənzil fondu 2 dəfədən çox artdı.
Təhsil sahəsində də mühüm nailiyyətlər əldə olundu. Belə ki, ali təhsil müəssisələrinin sayı iki dəfədən çox artdı, minlərlə gənc ittifaqın aparıcı ali məktəblərinə təhsil almağa göndərildi. Səhiyyə sahəsində xəstəxanaların və həkimlərin sayı 1,5–2 dəfə artdı, uşaq ölümü göstəricilərində ciddi azalma müşahidə olundu. Orta aylıq əmək haqqı isə təxminən 1,5 dəfə yüksəldi. Nəticədə Azərbaycan ittifaq daxilində dotasiya alan respublikadan büdcəyə töhfə verən qabaqcıl respublikalardan birinə çevrildi.
1990–1993-cü illər isə ölkə üçün son dərəcə ağır və təlatümlü dövr kimi yadda qaldı. Bu illərdə dərin iqtisadi böhran, investisiya çatışmazlığı və texnoloji gerilik hökm sürürdü. ÜDM təxminən 60 faiz azalmış, sənaye istehsalı iki dəfədən çox geriləmişdi. İnflyasiya 1000 faizi keçmiş, dövlət büdcəsində ciddi kəsir yaranmışdı. Siyasi qeyri-sabitlik və idarəetmə böhranı ölkəni dərin tənəzzülə sürükləmişdi.
Belə bir mürəkkəb şəraitdə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə sabitliyin bərpasına nail oldu və ölkənin inkişaf strategiyasını müəyyənləşdirdi. 1995–2003-cü illərdə həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan tənəzzüldən çıxaraq davamlı inkişaf mərhələsinə qədəm qoydu. ÜDM 2 dəfədən çox artdı, orta aylıq əmək haqqı 6–7 dəfə, pensiyalar isə 5–6 dəfə yüksəldi. İnflyasiya səviyyəsi kəskin şəkildə azaldıldı və əhalinin real gəlirlərində artım müşahidə olundu.
Bu dövrdə 200-dən çox yeni məktəb tikildi və ya əsaslı təmir edildi, onlarla xəstəxana və poliklinika yenidən quruldu. Qarabağ münaqişəsi nəticəsində məcburi köçkünlər üçün 100-dən çox yaşayış məntəqəsinin inşasına başlanıldı. Yoxsulluq səviyyəsi tədricən azaldıldı, özəl sektorda məşğulluq genişləndi, sosial müdafiə sistemi gücləndirildi.
Ulu Öndərin həyata keçirdiyi iqtisadi strategiyanın əsasını isə neft siyasəti təşkil edirdi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi inkişafının təməlini qoydu. Bu müqavilə nəticəsində ölkəyə 20 milyard dollardan çox xarici investisiya cəlb olundu. Neft istehsalı 1995-ci ildəki 9 milyon tondan 2003-cü ildə 15 milyon tona yüksəldi, xarici ticarət dövriyyəsi 3 dəfə artdı.
Azərbaycan beynəlxalq maliyyə institutları, o cümlədən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə əməkdaşlığa başladı. Enerji resurslarının dünya bazarlarına çıxarılması üçün Bakı–Supsa kəməri istifadəyə verildi, Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin əsası qoyuldu.
1996-cı ildə həyata keçirilən torpaq islahatı nəticəsində torpaqların 90 faizi özəl mülkiyyətə verildi. Özəlləşdirmə proqramı çərçivəsində 2000-dən çox dövlət müəssisəsi özəl sektora ötürüldü ki, bu da sahibkarlığın inkişafına və yeni iş yerlərinin yaradılmasına təkan verdi.
Beləliklə, 1993–2003-cü illər Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi, iqtisadi əsaslarının qurulması və uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi dövrü kimi xarakterizə olunur. Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı siyasi və iqtisadi kurs sonrakı illərdə Azərbaycanın davamlı inkişafının əsasını təşkil edərək ölkəni regionun aparıcı dövlətlərindən birinə çevirdi”.