Bəhruz Quliyev: “AP bölgədə sülhə mane olur”

4 May 2026 11:41 (UTC+04:00)

"Avropa Parlamentinin Azərbaycana münasibətdə qəbul etdiyi sənədlərin tarixinə baxanda aydın görünür ki, bu qurum uzun illərdir Cənubi Qafqaz məsələlərində balanslı yanaşmadan çox, siyasi təsirlər altında qərarlar verməyə üstünlük verir. Xüsusilə, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə eyni sərtlik və prinsipiallıq nümayiş etdirən bu institut, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra daha fəal şəkildə qərəzli qətnamələr qəbul etməyə başlayıb." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev SİA-ya açıqlamasında deyib.

Ekspert qeyd edib ki, tarixi faktlar göstərir ki, 2015-ci ildən başlayaraq müxtəlif dövrlərdə Azərbaycanda insan haqları, media, siyasi proseslər adı altında bir sıra sənədlər qəbul olunub. 2023-cü ildə Qarabağdakı antiterror tədbirlərindən sonra isə həmin ritorika daha da sərtləşdirildi, sanksiya çağırışları və Azərbaycana qarşı ittiham xarakterli müddəalar gündəmə gətirildi. Halbuki regionda separatizmin ləğvi və suverenliyin bərpası beynəlxalq hüququn tələbi idi.

"Sonuncu qəbul edilən sənəddə isə yenidən ermənipərəst yanaşma açıq şəkildə hiss olunur. 30 aprel 2026-cı ildə qəbul edilən qətnamədə Ermənistana siyasi dəstək ifadə olunmaqla yanaşı, Azərbaycana qarşı əsassız ittihamlar, saxlanılan şəxslərlə bağlı birtərəfli çağırışlar və Qarabağ ermənilərinin geri dönüşü məsələsinin yenidən gündəmə gətirilməsi yer alıb. Bu isə Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir. Diqqət çəkən əsas məqam odur ki, sənəddə Ermənistanın illərlə işğal siyasəti, şəhər və kəndlərimizin dağıdılması, mina terroru, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün taleyi yaşaması barədə demək olar ki, heç nə yoxdur. Bu susqunluq özü də siyasi ikili standartların sübutudur.

Bu gün Avropa Parlamentində müəyyən dairələrin erməni lobbisinin təsiri altında qərarlar verməsi artıq sirr deyil. Onlar regionda sülhün möhkəmlənməsinə yox, gərginliyin saxlanmasına xidmət edən addımlar atırlar. Halbuki real həqiqət budur ki, Cənubi Qafqazda davamlı sülh yalnız Azərbaycanın suveren hüquqlarına hörmət və qarşılıqlı tanınma əsasında mümkündür.

Azərbaycan isə bu cür qətnamələrdən asılı dövlət deyil. Rəsmi Bakı öz milli maraqlarını müdafiə etmək gücündədir və beynəlxalq münasibətlərdə ədalətli mövqe tələb etməkdə haqlıdır. Zaman göstərir ki, qərəzli sənədlər kağız üzərində qalır, amma reallığı meydanda dövlətlərin gücü və hüquqi əsasları müəyyən edir, "- deyə B.Quliyev əlavə edib.