Sosial media mədəniyyətə zərər verir, yoxsa fayda? - SOSİOLOQ

4 May 2026 11:33 (UTC+04:00)

"Müasir dövrdə sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu platformalar artıq təkcə ünsiyyət vasitəsi deyil, həm də informasiya mənbəyi, maarifləndirmə aləti və ictimai rəyin formalaşdığı mühüm bir mühitdir. Bu baxımdan sosial medianın cəmiyyətə təsiri barədə “zərər verir, yoxsa fayda?” sualı tez-tez müzakirə olunur".

Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

Ekspert sözlərinə belə davam edib: "Əslində sosial medianın müsbət tərəfləri kifayət qədər genişdir. İlk növbədə, o, cəmiyyətin maariflənməsində mühüm rol oynayır. İnsanlar artıq müxtəlif sahələr ; təhsil, sağlamlıq, psixologiya, hüquq və digər istiqamətlər üzrə məlumatlara daha asan çıxış əldə edir. Bununla yanaşı, sosial media operativliyi ilə seçilir: baş verən sosial, mədəni və siyasi hadisələr, qəbul edilən qanunlar və dəyişikliklər qısa zamanda geniş auditoriyaya çatdırılır.

Digər mühüm məqam isə sosial medianın fərdlərə və kiçik bizneslərə yaratdığı imkanlardır. Əvvəllər geniş auditoriyaya çıxışı olmayan insanlar bu platformalar vasitəsilə öz fikirlərini bölüşə, fəaliyyətlərini tanıda və cəmiyyətə təsir göstərə bilirlər.

Lakin sosial medianın mənfi tərəflərini də gözardı etmək olmaz. Ən ciddi problemlərdən biri saxta (fake) xəbərlərin sürətlə yayılmasıdır. Bəzən hər hansı məlumat kifayət qədər dəqiqləşdirilmədən paylaşılır və bu, insanların şəxsi həyatına, nüfuzuna və karyerasına ciddi zərbə vurur. Təəssüf ki, bəzi hallarda digər istifadəçilər də bu məlumatları yoxlamadan paylaşaraq problemin daha da böyüməsinə səbəb olur.

Bundan əlavə, sosial mediada müəyyən dəyərləri zədələyən, cəmiyyətin əxlaqi normalarına uyğun gəlməyən davranışların təbliğ edilməsi də narahatedici məqamlardandır. Populyarlıq qazanmaq naminə sərhədlərin aşılması, yanlış nümunələrin normallaşdırılması xüsusilə gənc nəsil üçün mənfi təsir yaradır.

Eyni zamanda, sosial media insanlarda müqayisə hissini gücləndirir, psixoloji təzyiq və asılılıq yarada bilir. Vaxtın səmərəsiz istifadəsi də bu platformaların digər mənfi tərəflərindən hesab olunur.

Konkret olaraq onu demək olar ki, sosial media nə tam faydalıdır, nə də tam zərərli. O, sadəcə bir vasitədir. Bu vasitənin cəmiyyətə necə təsir edəcəyi isə insanların onu necə istifadə etməsindən, informasiya məsuliyyətindən və paylaşım mədəniyyətindən asılıdır.

Sosial medianı faydalı edən də, zərərli edən də məhz insanın özüdür".