HiPP uşaq qidasının siçan zəhəri ilə zəhərlənməsi işi üzrə şübhəli bilinən şəxs Avstriyada saxlanılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə OE24 portalı məlumat yayıb. Məlumata görə, şübhəli şəxs 39 yaşında kişidir və mayın 2-də saxlanılıb. Onun barəsində ictimai təhlükəsizliyə təhdid yaratma və sağlamlığa ağır zərər vurmağa cəhd göstərmək maddələri üzrə təhqiqat aparılır.
İstintaq Ayzenştadt prokurorluğu tərəfindən əlaqələndirilir, əməliyyata Burgenland Cinayət İdarəsinin və Federal Kriminal İdarənin əməkdaşları cəlb olunub. Saxlanılan şəxsin kimliyi və saxlanılma şəraiti açıqlanmır.
Müstəntiqlərin məlumatına görə, aprelin 18-də Ayzenştadtdakı supermarketlərdən birində içində püre olan şüşə bankada təxminən 15 mikroqram siçan zəhəri aşkar edilib. Hazırda məhsuldan istifadə edilməsinin mümkün nəticələri araşdırılır.