“AP-nin Azərbaycana qarşı qərəzi müstəqil siyasətə qarşı lobbi təsirlərinin nəticədirdir” -DEPUTAT DANIŞDI

1 May 2026 17:21 (UTC+04:00)

“Avropa Parlamenti uzun illərdir Azərbaycana qarşı qərəzli siyasətini davam etdirir. Son illərdə AP tərəfindən Azərbaycana qarşı qəbul edilən qətnamələrdə açıq şəkildə siyasi qərəz müşahidə olunur”.

Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Nigar Məmmədova bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra qəbul edilən sənədlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyini nəzərə almayan, birtərəfli yanaşmaları özündə əks etdirir:

”2021–2025-ci illəri əhatə edən dövrdə bu qurumun Azərbaycana qarşı 10-dan artıq qərəzli qətnamə qəbul etməsi yolverilməzdir. Azərbaycan tərəfi haqlı olaraq bu sənədləri yalnız siyasi motivli deyil, həm də ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Xarici İşlər Nazirliyinə Avropa İttifaqının Azərbaycandakı səfirinin çağırılması və etiraz notasının təqdim edilməsi də bu narazılığın diplomatik ifadəsidir.
Məsələnin digər tərəfi isə Avropa Parlamenti daxilində baş verən qalmaqallarla bağlıdır. Son illərdə məlum korrupsiya qalmaqalları, erməni lobbisinin təsiri ilə bağlı faktlar bu qurumun imicinə ciddi zərbə vurub. Bundan əlavə, böyük texnologiya şirkətləri ətrafında səsləndirilən lobbiçilik ittihamları, eləcə də müxtəlif geosiyasi təsir iddiaları Avropa Parlamentinin qərarlarının obyektivliyinə dair suallar yaradır. Azərbaycan tərəfi hesab edir ki, bu cür təsir mexanizmləri nəticəsində qəbul edilən sənədlər Avropa İttifaqının ümumi maraqlarından daha çox müəyyən qrupların gündəliyinə xidmət edir. Bu yanaşma regionda sülh və əməkdaşlıq prosesinə də mənfi təsir göstərir.
Cənab Prezident də bu ilin əvvəlində “Euronews telekanalına müsahibəsində bildirib ki, “Avropa Parlamentinin Azərbaycana qarşı olan qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir”.
Digər mühüm məqam isə Avropa Parlamentinin institusional imkanları ilə bağlıdır. Bu qurumun saxlanılması üçün ayrılan böyük maliyyə resursları və deputatların fəaliyyətinə nəzarət mexanizmlərinin yetərincə şəffaf olmamasına dair faktlar kifayət qədərdir. Bu səbəbdən Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul etdi. Beləliklə, Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq, Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi ilə bağlı prosedurlara başlanılıb və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambelyasının tədbirlərinə qatılmamalıdır”.