“Süni intellektin idarə olunması və təhlükəsizlik məsələləri prioritetə çevrilib” - İlkin Əzizov

1 May 2026 16:03 (UTC+04:00)

“Artıq gündəlik iş prosesində böyük həcmdə məlumatları rəqəmsal platformalar vasitəsilə əldə edirik. Bu isə imkanlarla yanaşı, informasiya təhlükəsizliyi baxımından ciddi risklər yaradır”.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forum çərçivəsində “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda əsas diqqət süni intellektdən istifadədən çox onun yaratdığı risklərin idarə olunmasına yönəlib: “Artıq sual ‘AI-dan necə istifadə edək?’ deyil, ‘ondan necə qorunaq və düzgün tənzimləyək?’ şəklində qoyulur”.

İlkin Əzizov qeyd edib ki, yeni platformalar və sistemlər üzərində iş aparılır, bəzi hallarda isə risklər səbəbindən müəyyən modellərin istifadəsi məhdudlaşdırılır.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar da bu sahədə daha ehtiyatlı yanaşma sərgiləyir və süni intellekt sistemlərinə nəzarəti gücləndirir.

Departament rəsmisi vurğulayıb ki, süni intellekt informasiya manipulyasiyası və kibertəhlükəsizlik baxımından yeni risklər yaradır və bu risklərin vaxtında müəyyən edilməsi vacibdir.

O əlavə edib ki, hazırda müxtəlif monitorinq və təhlükəsizlik layihələri həyata keçirilir və məqsəd rəqəmsal mühitdə baş verən prosesləri daha yaxşı anlamaqdır.

İlkin Əzizov bildirib ki, rəqəmsal transformasiya artıq qaçılmazdır və bu proses həm imkan, həm də məsuliyyət kimi dəyərləndirilməlidir.