“Bu gün bank sektoru və digər maliyyə qurumları müştərilərin yoxlanılması üçün ‘Know Your Customer’ (KYC) platformalarından geniş istifadə edir. Bu sistemlər vasitəsilə müştərinin kimliyi təsdiqlənir və mümkün risklər əvvəlcədən müəyyən olunur. Lakin eyni texnologiyalar bəzən dezinformasiya və sosial mühəndislik kampaniyalarında dolayı şəkildə istifadə edilə bilir”.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin rəisi Murad Balayev “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən III Forum çərçivəsində “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, dezinformasiya artıq yalnız yanlış məlumat yaymaq deyil, insanların psixologiyasına təsir göstərən və onların qərarlarına yön verən bir mexanizmə çevrilib.
Murad Balayev qeyd edib ki, bunun bariz nümunələrindən biri 44 günlük Vətən müharibəsi dövründə müşahidə olunub: “Həmin vaxt informasiya müstəvisində də ciddi mübarizə gedirdi və sosial şəbəkələrdə yayılan saxta məlumatlar cəmiyyətdə çaşqınlıq yaratmağa yönəlmişdi”.
O əlavə edib ki, hazırda süni intellekt əsaslı texnologiyalar vasitəsilə “deepfake” videoların aşkarlanması mümkündür və bu sahədə müxtəlif alətlər tətbiq olunur.
Mərkəz rəisi vurğulayıb ki, bütün bu texnoloji imkanlara baxmayaraq, əsas məsələ insan faktorudur: “İstənilən məlumatı paylaşmadan əvvəl yoxlamaq, mənbəni analiz etmək və tənqidi düşünmək informasiya təhlükəsizliyinin əsas şərtləridir”.