Unutqanlıq yaddaş pozuntusudur? - PSİXOLOQ AÇIQLADI

1 May 2026 15:29 (UTC+04:00)

“Unutqanlıq çox zaman insanlar tərəfindən birbaşa yaddaş pozuntusu kimi qəbul olunur. Lakin psixoloji baxımdan yanaşdıqda, hər unutqanlıq patoloji hal sayılmır. Gündəlik həyatda yorğunluq, stress, diqqət dağınıqlığı və yuxu pozuntuları kimi faktorlar müvəqqəti unutqanlığa səbəb ola bilər”.

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

O bildirib ki, yaddaş pozuntusundan o zaman danışırıq ki, unutqanlıq davamlı xarakter alsın, insanın gündəlik fəaliyyətinə ciddi təsir etsin və yeni məlumatların yadda saxlanılması və ya xatırlanması əhəmiyyətli dərəcədə çətinləşsin. Bu kimi hallarda artıq psixoloji və ya nevroloji qiymətləndirməyə ehtiyac yaranır.

Müasir həyat tərzi də unutqanlığın artmasına təsir edən əsas amillərdəndir. İnformasiya bolluğu, eyni anda bir neçə iş görmək vərdişi və rəqəmsal asılılıqlar diqqətin zəifləməsinə və nəticə etibarilə yaddaşın effektiv işləməməsinə səbəb olur.

Profilaktik olaraq düzgün yuxu rejimi, balanslı qidalanma, fiziki aktivlik və zehni məşqlər – məsələn, kitab oxumaq, yaddaş oyunları və yeni bacarıqlar öyrənmək – yaddaşı gücləndirən əsas vasitələrdir.

Əgər unutqanlıq getdikcə artırsa və narahatlıq yaradırsa, mütəxəssisə müraciət etmək vacibdir. Erkən müdaxilə həm səbəbi müəyyən etməyə, həm də problemin dərinləşməsinin qarşısını almağa kömək edir.

Ayşən Vəli