Bakı metropolitenində süni intellektlə metro sıxlığının azaldılması üzrə hakaton keçirilir

1 May 2026 15:22 (UTC+04:00)

Mayın ayının 1-dən 3-dək Bakıda metropolitenin təşkilatçılığı ilə süni intellekt həlləri vasitəsilə metroda sərnişin sıxlığının azaldılmasına həsr olunmuş unikal hakaton keçirilir.
SİA xəbər verir ki, tədbirin əsas fərqi onun birbaşa metro mühitində – stansiya, eskalator, platforma və qatar daxilində real şəraitdə təşkil olunmasıdır ki, bu da iştirakçılara problemləri yerində müşahidə edərək praktik və effektiv həllər təklif etmək imkanı yaradır. Hakaton çərçivəsində giriş-çıxışlarda, platformalarda və qatarlarda sıxlığın idarə olunmasına yönəlmiş innovativ ideyalar hazırlanır. Bildirilib ki, tədbirə 1200 nəfər müraciət edib, onlardan seçilən komandalar hazırda aktiv şəkildə yarışır və qaliblər final mərhələsində layihələrini təqdim edəcəklər. Eyni zamanda vurğulanıb ki, Metropoliten kimi mürəkkəb sistemin müxtəlif sahələrini əhatə edən bu təşəbbüs gənclərə dəyərli təcrübə qazandırır və gələcəkdə onların digər sahələrdə də bu bilikləri tətbiq etməsinə şərait yaradır. Qeyd olunub ki, süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə belə layihələr həm ölkədə innovasiyanın təşviqinə, həm də yeni istedadların üzə çıxmasına mühüm töhfə verir.