Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

1 May 2026 13:53 (UTC+04:00)

Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları tərəfindən şəxsi jetonla təmin ediləcəklər.

SİA xəbər verir ki, bu məsələ parlamentin mayın 1-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Sənəd layihəsinə əsasən, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən müəyyən edilir.

Bildirilib ki, hərbi qulluqçular xidmət vəzifələrini yerinə yetirərkən müxtəlif risklərlə üzləşirlər. Xidməti fəaliyyəti ilə əlaqədar olaraq döyüş əməliyyatları və digər fövqəladə hallarda onların həlak olması və ya xəsarət alması halları baş verə bilir. Belə vəziyyətlərdə hərbi qulluqçuların şəxsiyyətinin operativ qaydada müəyyən edilməsi və onlara tibbi yardımın vaxtında və düzgün göstərilməsi həyati əhəmiyyət daşıyır. Bu baxımdan, hərbi qulluqçuların beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyini sübut etmiş mexanizmdən - fərdi identifikasiya ilə təmin olunma üsulundan istifadəsinə zərurəti vardır.

Bu məsələnin həlli üçün qanunvericiliyə “Şəxsi jeton” anlayışı və istifadə qaydalarının əlavə edilməsi təklif edilir.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.