Brent neftinin 120 dollar həddinə yaxınlaşması Türkiyə üçün enerji xərcləri, inflyasiya və cari balans üzərində yeni təzyiq yaradır.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, müharibədən əvvəlki səviyyələrlə müqayisədə yaranan 52 dollarlıq fərqin bir il ərzində davam etməsi təxminən 20 milyard dollarlıq əlavə xərc deməkdir. Neftin yüksək qalması dizeldən ərzaq daşımalarına, sənaye istehsalından market qiymətlərinə qədər inflyasiya riskini artırır.
Brent neftin qiymətinin 120 dollara yaxınlaşması qlobal enerji bazarlarında narahatlıq yaradır. Bu vəziyyət Türkiyə üçün də inflyasiya, cari kəsir və istehsal xərcləri baxımından yeni təzyiq deməkdir. Analitiklərin hesablamalarına görə, müharibədən əvvəlki qiymətlərlə müqayisədə yaranan 52 dollarlıq fərq illik təxminən 20,8 milyard dollarlıq əlavə xərc yaradır. Bu hesablamada neft qiymətində hər 1 dollarlıq artımın Türkiyəyə illik təxminən 400–450 milyon dollar əlavə yük gətirdiyi qəbul edilir.
Bu vəziyyət Türkiyənin inflyasiya göstəricilərinə də birbaşa təsir edir. Brent neftdəki hər 1 dollarlıq artımın ölkəyə təxminən 450 milyon dollarlıq əlavə xərc yaratdığı qeyd olunur.
Hörmüz gərginliyinin mümkün təsirləri enerji idxalı rəqəmlərində daha aydın görünür. 2026-cı ilin ilk aylarında Türkiyənin enerji idxalı milyardlarla dollar səviyyəsində olub. Ümumi idxalın təxminən altıda biri enerji mənbələri ilə bağlıdır. Bu da enerji qiymətlərinin artmasının xarici ticarət balansına, valyuta tələbinə və inflyasiyaya birbaşa təsir etdiyini göstərir.
Enerji tənzimləmə qurumunun hesabatına görə, Türkiyənin neft və neft məhsullarında xaricdən asılılığı davam edir və idxal həcmi artmaqdadır. Ən çox neft Rusiyadan, sonra İraq və Qazaxıstandan alınır.
Ekspertlər bildirirlər ki, neft qiymətlərində artım yalnız yanacaq qiymətlərinə deyil, logistika, ərzaq təchizatı və sənaye istehsalına qədər bütün iqtisadi zəncirə təsir göstərir. Bu da ümumi qiymət artımını sürətləndirir.
Bəzi iqtisadçıların fikrincə, neft qiymətlərinin yüksəlməsi Türkiyə iqtisadiyyatında xarici valyutaya ehtiyacı artırır və inflyasiya gözləntilərini yüksəldir. Bank sektoru ilə bağlı proqnozlar da valyuta məzənnəsi və kredit risklərinin artma ehtimalına işarə edir.