“İnfluenser reklamlarına aldanmamaq üçün məhsulu mənbələrdən araşdırmaq lazımdır” - EKSPERT DANIŞDI

1 May 2026 13:06 (UTC+04:00)

“Son dövrlərdə Azərbaycanda sosial şəbəkələrdə influenser və blogerlərin reklam fəaliyyəti ictimai və elmi müzakirə mövzusuna çevrilmişdir. Xüsusilə kommersiya məqsədilə müxtəlif məhsulların təqdim edilməsi və bu zaman bəzən real istifadə təcrübəsinin nəzərə alınmaması istehlakçı davranışına təsir edən mühüm faktor kimi çıxış edir”.
Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media üzrə ekspert Hacıbəy Heydərli bildirib.

Onun sözlərinə görə, Qanunvericilikdə reklam fəaliyyəti ilə bağlı müəyyən dəyişikliklər edilsə də, bu dəyişikliklərin tətbiq mexanizminin tam formalaşmaması praktiki müstəvidə müəyyən boşluqlar yaradır:

”Nəticədə bəzi influenserlərin məsuliyyət prinsiplərinə əməl etmədən reklam məzmunu paylaşması müşahidə olunur. Bu isə geniş auditoriyaya malik sosial media platformalarında informasiya etibarlılığı problemini aktuallaşdırır.

Sosial psixologiya baxımından bu proses “etibar əsaslı təsir” modeli ilə izah oluna bilər. İzləyicilər influenserləri yalnız informasiya mənbəyi kimi deyil, həm də etibar edilən referens fiqur kimi qəbul etdiklərindən, onların təqdim etdiyi məhsullara qarşı daha az tənqidi yanaşma sərgiləyirlər. Bu isə istehlakçıların qərarvermə prosesində subyektiv təsirlərin artmasına səbəb olur.

Bununla yanaşı, reklam fəaliyyətində məsuliyyət yalnız məzmun yaradan şəxslərlə məhdudlaşmır. Reklam sifariş edən şirkətlərin də etik və hüquqi öhdəlikləri mövcuddur. İstehlakçı etimadının manipulyasiyası üzərində qurulan reklam strategiyaları qısamüddətli iqtisadi fayda yaratsa da, uzunmüddətli perspektivdə bazar etibarlılığının azalmasına gətirib çıxara bilər.

Eyni zamanda media orqanlarının bu sahədə nəzarət və araşdırma funksiyası da xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal informasiya mühitində şəffaflığın təmin olunması üçün jurnalistik monitorinqin gücləndirilməsi və ictimaiyyətin düzgün məlumatlandırılması vacib hesab olunur.

İnfluenser marketing modelinin tənzimlənməsi yalnız hüquqi deyil, həm də sosial və etik aspektləri əhatə edən kompleks yanaşma tələb edir. Bu sahədə effektiv nəzarət mexanizmlərinin formalaşdırılması istehlakçı hüquqlarının qorunması və informasiya mühitində etimadın bərpası baxımından mühüm əhəmiyyət kəsb edir”.