“Sosial şəbəkələrdə reklam fəaliyyəti müasir dövrdə istehlak davranışına ciddi təsir göstərən mühüm kommunikasiya vasitələrindən birinə çevrilmişdir”.
Bu sözləri SİA -ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova bildirib.
Onun sözlərinə görə, xüsusilə influencer marketing modeli çərçivəsində məhsul və xidmətlərin təqdimatı yeni informasiya mühiti formalaşdırmışdır:
”Bu modeldə bloqerlər məhsulu tanıdır, qarşılığında isə maddi və ya qeyri-maddi (barter) qazanc əldə edirlər. Nəticədə izləyici auditoriya təqdim olunan məzmunu çox vaxt obyektiv reklam kimi deyil, şəxsi tövsiyə kimi qəbul edir.
Lakin bu prosesin mahiyyətində müəyyən ziddiyyətlər də müşahidə olunur. Bəzi influenserlər peşəkar reputasiyanı qorumağa üstünlük verərək yalnız etibarlı məhsulları təqdim etdiyi halda, digərləri qısamüddətli qazancı prioritet hesab edir. Bu isə informasiya mühitində selektivlik və etibarlılıq problemi yaradır. Beləliklə, reklamın “tövsiyə” kimi təqdim olunması istehlakçı qavrayışında reallığın təhrif olunmasına səbəb ola bilir.
Sosial psixologiyada bu fenomen “sosial sübut effekti” kimi izah olunur. İnsanlar çoxluğun davranışını və ya tanınmış şəxslərin seçimini doğru qərar kimi qəbul etməyə meyllidirlər. Bu səbəbdən reklamın təsir gücü təkcə məhsulun keyfiyyətindən deyil, həm də təqdimatın psixoloji təsir mexanizmlərindən asılı olur.
Digər tərəfdən, internet mühitində reklam fəaliyyətinin hüquqi tənzimlənməsi də aktuallıq daşıyır. Mövcud qanunvericilikdə reklamın açıq şəkildə göstərilməsi (məsələn, “reklam” və ya “ad” qeydiyyatı) tələb olunsa da, bu qaydalara əməl olunması hər zaman təmin edilmir. Bu isə istehlakçının məlumatlı seçim imkanlarını məhdudlaşdırır.
Bundan əlavə, rəqəmsal mühitin sürətli inkişafı hüquqi nəzarət mexanizmlərinin adaptasiyasını zəruri edir. Reklam fəaliyyətinin subyektləri, təqdimat formaları və məsuliyyət mexanizmləri daha dəqiq müəyyənləşdirilməli, istehlakçıların aldadılması halları hüquqi məsuliyyət çərçivəsində qiymətləndirilməlidir.
Sosial şəbəkələrdə reklam fəaliyyəti həm iqtisadi, həm də sosial-psixoloji baxımdan kompleks bir fenomen kimi çıxış edir. Onun effektiv və ədalətli şəkildə tənzimlənməsi isə yalnız istehlakçı hüquqlarının qorunması deyil, eyni zamanda rəqəmsal informasiya mühitində şəffaflığın təmin olunması baxımından da mühüm əhəmiyyət kəsb edir”.