“Okampo ədalətə şəxsi hakimiyyət və qazanc aləti kimi yanaşır” - ŞƏRH EDİLDİ

1 May 2026 12:39 (UTC+04:00)

“Sosial şəbəkələrdə Luis Moreno Okampo ilə bağlı videolar yayılıb. Bu videolarda o Avropa İttifaqı və onun institutlarına təsir göstərə biləcəyini bildirir, oğlu isə Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılmasının zəruriliyindən danışır”.

Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Alparadaria deyib.

O bildirib ki, Luis Okampo Azərbaycan ictimaiyyətinə 2023-cü ildə geniş tanındı:

”Həmin vaxt Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru gözlənilməz, lakin eyni zamanda proqnozlaşdırıla bilən şəkildə Ermənistan-Azərbaycan münaqişəsində erməni mövqeyini fəal şəkildə təşviq etməyə başladı.
Okampo 2003–2013-cü illərdə Məhkəmənin prokuroru vəzifəsini tutub. Bu müddətdə o, dəfələrlə “maraqlı” vəziyyətlərə düşüb. Onu tez-tez ədaləti şou-biznesə çevirməkdə ittiham edirdilər. Məsələn, o, bir Afrika siyasətçisinin həbsinə nail olmaq üçün Angelina Joli və Bred Pittdən “tələ” kimi istifadə etməyi ciddi şəkildə planlaşdırmışdı.

Digər hallarda isə sübut bazası üzərində işləmək əvəzinə çoxsaylı müsahibələr verirdi.
Açıq mənbələrə görə, onun fəaliyyətinin on ili ərzində Məhkəmə təxminən 1 milyard dollar xərcləyib. Nəticə nə olub?

Bu müddətdə məhkəməyə çatdırılıb hökm çıxarılan cəmi bir iş olub — Konqodan olan səhra komandiri Thomas Lubanqa Dyilo işi. O və tərəfdarları “uşaq əsgərlər”dən istifadə ittihamı ilə həbs olunaraq müxtəlif müddətlərə məhkum ediliblər. Lubanqa artıq cəzasını çəkib və azadlıqdadır. Onun cinayətkar olduğuna şübhə yoxdur. Lakin faktiki olaraq Okamponun əsas və yeganə real “uğuru” Konqo hökumətinin onun köməyi ilə silahlı rəqiblərindən birindən qurtulması olub. Bu isə olduqca mübahisəli nailiyyətdir.

Qalan hallarda isə məhkəmənin fəaliyyəti əsasən ciddi nəticələr olmadan mediada səs-küy yaratmaqla məhdudlaşıb. Okampo həm Afrikaya həddindən artıq fokuslanmaqda, həm də effektli ictimai çıxışlara həddindən artıq meyilli olmaqda ittiham olunurdu.
Məhkəmədən ayrıldıqdan sonra da ittihamlar onu izləməyə davam edib. Onun adı, “Panama Papers” qalmaqalında da hallanıb. Okampo ofşor sxemlərdə iştirakını etiraf edərək bildirib ki, bu yolla hüquqi fəaliyyətindən əldə etdiyi vəsaitləri qoruyub.

Dünyada bir çox biznesmen ofşorlardan istifadə edir və bu fakt öz-özlüyündə cinayət sayılmır. Lakin Okampo beynəlxalq ictimai fiqurdur, biznesmen deyil. Onun izahı, yumşaq desək, inandırıcı görünmür. Hüquqi xidmətlərdən əldə olunan vəsaitləri Panamada gizlətməyə ehtiyac yaranan vəziyyəti təsəvvür etmək çətindir.
Okampo daha sonra da mübahisəli müştərilərlə bağlı hadisələrdə iştirak edib. Lakin düşünürəm ki, təqdim olunan məlumatlar onun şəxsiyyəti haqqında ümumi təsəvvür formalaşdırmaq üçün kifayətdir.
Cənab Okampo ədalətə şəxsi hakimiyyət və qazanc aləti kimi yanaşır. Bu qazancın metodu isə aqressiv media kampaniyası aparmaq və mövzu ətrafında zəhərli informasiya mühiti yaratmaqdır. Diqqət etsək, məhz bu yanaşmanı o, yaxınlarda sızdırılmış videoda müəyyən bir ‘müştəriyə’ izah edir.
Açıq desək, cənab Okampo keçmiş vəzifəsindən istifadə edərək diqqət cəlb edən və bundan fayda götürən adi bir media trolludur. Görünən odur ki, bu halda onun təsirinə düşənlər erməni diasporunun varlı nümayəndələri olub.

Onları məyus etməyə tələsirəm: çox güman ki, cənab Okampo pulu alacaq, lakin verdiyi vədləri yerinə yetirməyəcək”.

Ayşən Vəli